“Ümid nəğməsi”

 

Gənc müəllifin əsəri əsasında hazırlanan tamaşanın premyerası

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı səhnə əsərinin premyerası keçirilib.

Aprelin 19-da nümayiş olunan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində obrazları aktyorlar Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə canlandırıblar.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətləri fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliverici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edilir. Bu nəğmənin sədası isə zəlzələ zamanı dağıntılar altında qalan ailənin xilasına çevrilə bilər...

Tamaşa Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Uşaqlar XXI əsrdə” I Beynəlxalq Uşaq Teatrları Festivalı üçün hazırlanıb.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.5.