Ustad tarzən və pedaqoqun yaradıcılıq gecəsi

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) ustad tarzən və pedaqoq Elxan Müzəffərovun yaradıcılıq gecəsi keçirilib.

Aprelin 20-də təşkil olunan tədbirdə BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə Elxan Müzəffərovun yaradıcılığından söz açıb. Diqqətə çatdırıb ki, sənətkar milli musiqimizin təbliğində, yeni tar ifaçılarının yetişdirilməsində böyük xidmətlər göstərib. Uzun illər Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi və Suraxanı Mədəniyyət evində “Vətən” ansamblının rəhbəri kimi muğam sənətimizə xidmət edən tarzənin yetirmələri bu gün ifaçılıqda öz sözünü demiş, püxtələşmiş insanlardır. Onlar da öz növbələrində ifaçılıqla yanaşı, musiqi tədrisi ilə də məşğul olur, bu sahədə nailiyyətlərə imza atırlar.

Əməkdar mədəniyyət işçisi, musiqişünas Səadət Təhmirazqızının aparıcılığı ilə keçən gecədə Elxan Müzəffərovun tələbələri olmuş Xalq artistləri Ağaverdi Paşayev, Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimləri Nazim Kazımov, Aqil Məlikov çıxış edərək sənətkara təbriklərini, ürək sözlərini bildiriblər.

Konsert proqramı ilə davam edən gecədə Xalq artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, Teyyub Aslanov, Əməkdar artistlər Ələkbər Ələkbərov, Ehtiram Hüseynov, ifaçılar Səbinə Ərəbli, Rövşən Qurbanov, Elçin Nağıyev, Humay Qədimova və respublika müsabiqələri qalibi Mirnofəl Həsənovun ifaları təqdim olunub.

Gecə ustad tarzənin ifasında “Nəva” muğamı ilə başlayıb və simvolik olaraq da sonda “Xocəstə” muğamı ilə tamamlanıb.

Sonda Elxan Müzəffərov qonaqlara və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

 

Lalə

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.3.