Aktyorluq qüdrəti ilə tərəf-müqabillərində
də xof yaradırdı...
Rza Təhmasib-130
Bu il görkəmli teatr və kino rejissoru, aktyor,
pedaqoq, ictimai xadim, Xalq artisti Rza Təhmasibin anadan
olmasının 130 illiyidir. Sənətkar səhnə və
ekranda yaratdığı bir-birindən maraqlı obrazlarla
tamaşaçıların yaddaşında dərin iz qoyub.
Rza Abbasqulu oğlu Təhmasib 1894-cü il aprelin 20-də
Naxçıvanda tacir ailəsində anadan olub. İlk təhsilini
M.T.Sidqinin şəhərdə açdığı “Məktəbi-tərbiyə”də
alıb. Sonra üçsinifli Naxçıvan şəhər
məktəbinə qəbul edilib.
Uşaqlıqdan teatra həvəsi olan Rzanın
atası Naxçıvanın sayılıb-seçilən
tacirlərindən olan Abbasqulu bəy oğlunun aktyor
olmasına razılıq verməyib. O, oğlunu
özünün davamçısı kimi görmək istəyirdi.
Abbasqulu bəy 1910-cu ildə onun yalnız ticarət sahəsində
təhsil ala biləcəyini düşünərək Tiflisdə
oxumasına razılıq verir. Rza Tiflis Ticarət Məktəbinin
4-cü sinfinə daxil olur. Qısa müddətdə şəhərin
ədəbi-mədəni həyatı ilə tanış olur
və atasının istəyinə zidd olaraq istedadlı
rejissor Əli Abbasovun rəhbərlik etdiyi Azərbaycan teatr həvəskarları
dərnəyinə üzv yazılır. 16 yaşında
Tiflisdə “Müsəlman Artistləri İttifaqı”nın
teatr truppasında fəaliyyətə başlayan gənc Rza
Tiflis, İrəvan və Naxçıvan teatrlarında aktyor,
eləcə də rejissor kimi fəaliyyət göstərir.
Rza Təhmasibin rejissor kimi ilk müstəqil işi Cəlil
Məmmədquluzadənin “Ölülər” əsərinin
tamaşası olub. Əsər 1917-ci ildə Naxçıvan
teatrında göstərilib. Naxçıvanda ilk dəfə
səhnələşdirilən əsərdə Şeyx Nəsrullah
rolunu Əliqulu Qəmküsar, Kefli İsgəndər rolunu isə
aktyorun özü oynayıb. Dövrün mətbuatında
onun quruluşunda “Ölülər” yeni teatr, yeni sənət
nümunəsi kimi qiymətləndirilib. “Ölülər”
onun rejissor kimi formalaşmasında əhəmiyyətli rol
oynayıb. Bu barədə sənətkar öz xatirələrində
də yazıb: “İlk müvəffəqiyyətli rejissor
işim üçün “Ölülər” pyesinə minnətdaram.
Bu müvəffəqiyyətin bir səbəbi də əsərin
öz məzmunudur. Qazanılan qələbənin xeyli hissəsi
mərhum şair Qəmküsarın payına
düşür. Pyesi düzgün başa düşməyimə,
onun ictimai mənasını düzgün izah etməyimə
görə mən hər şeydən əvvəl, ona
borcluyam”.
***
Tiflis Ticarət Məktəbini bitirdikdən sonra
Bakıya gələn Rza Təhmasib bir müddət “Səfa”
mədəni-maarif cəmiyyətinin məktəbində
müəllim işləyib. 1920-ci ildən isə sənətkarın
yaradıcılığı indiki Azərbaycan Dövlət
Akademik Milli Dram Teatrı ilə bağlı olub.
1922–1924-cü illərdə bu teatrda bədii rəhbər,
1937–1938-ci və 1953–1959-cu illərdə isə direktor kimi fəaliyyət
göstərib.
Sənətkarın quruluşunda teatrsevərlərə
təqdim olunan “Şeyx Sənan” (1931), “Sevil” (1934), “Özgə
uşağı” (1936), “Madrid” (1938), “Vəfa” (1943), “Hacı
Qara” (1958) kimi tamaşalar rejissorun yüksək sənət
duyumunun, müəllif qayəsinin ustalıqla təqdimi
baxımından diqqətəlayiq nümunələrdir.
O, aktyor kimi Azərbaycan və xarici ölkə müəlliflərinin
əsərlərinin tamaşasında uğurla
çıxış edib. Həyat verdiyi İsgəndər (“Ölülər”),
İblis və Arif (“İblis”), Şeyx Sənan (“Şeyx Sənan”),
Qacar (“Ağa Məhəmməd şah Qacar”), Süleyman (“Həyat”),
Koşkin (“Lyubov Yarovaya”), Strijin (“Eskadranın məhvi”), Karl
Moor (“Qaçaqlar”) kimi obrazlar mütəxəssislər və
tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib.
Cəfər Cabbarlı yaradıcılığına
böyük simpatiyası olan sənətkar dəfələrlə
dramaturqun əsərlərini səhnəyə qoyub, müxtəlif
rolları (Aydın, Elxan, Balaş, Hacı Əhməd,
İmamyar, general-qubernator və s.) məharətlə ifa edib.
***
Rza Təhmasib səhnə uğurlarını kino sahəsində
təkrarlamağa nail olan sənətkarlardandır. O, II
Dünya müharibəsinin qızğın dövrü hesab
edilən 1941-ci ildə çəkilişləri aparılan
“Səbuhi” filmində ikinci rejissor kimi işləyib.
1943-cü ildə tamamlanan bu ekran əsəri Rza Təhmasibin
bədii kinoda ilk rejissorluq işi kimi yüksək dəyərləndirilib.
Görkəmli dramaturq, ictimai xadim Mirzə Fətəli
Axundzadənin həyat və yaradıcılığından
bəhs edən filmdə İsmayıl Dağıstanlı,
Leyla Bədirbəyli, Hüseynqulu Sarabski, Ağadadaş
Qurbanov, Möhsün Sənani, Mustafa Mərdanov kimi
dövrün böyük sənətkarları rol alıb.
Sənətkarın kinoda növbəti uğurlu
nümunələrindən biri də “Arşın mal alan”
filmi hesab olunur. 1945-ci ildə kinorejissor Nikolay Leşşenko
ilə birgə ekranlaşdırılan bu filmə görə
onlar SSRİ Dövlət mükafatına layiq
görülüblər.
Rza Təhmasib 1950-ci ildə Aleksandr Zarxi və
İosif Xeyfitslə birlikdə “Bakının
işıqları”, 1959-cu ildə Mikayıl Mikayılovla
“Mahnı belə yaranır” filmlərinə quruluş verib.
Sənətkarın kinoda ilk sərbəst rejissor
işi isə “Onu bağışlamaq olarmı?” filmidir. 1959-cu
ildə lentə alınan filmin ssenarisini rejissorun
qardaşı, görkəmli folklorşünas-alim Məmmədhüseyn
Təhmasib yazıb.
Rza Təhmasib aktyor kimi “Almaz” (1936), “Fətəli xan”
(1947), “Bakının işıqları” (1950) və s. filmlərdə
yaddaqalan obrazlar yaradıb. Onun ən unudulmaz rolu isə,
sözsüz ki, Xalq artisti, rejissor Muxtar Dadaşovun Xalq
yazıçısı Süleyman Rəhimovun “Mehman” povestinin
motivləri əsasında 1968-ci ildə çəkdiyi “Qanun
naminə” filmindəki Qaloş obrazıdır. Bu obraz öz
xarakterinə və ifa üslubuna görə kino tariximizin
nadir qəhrəmanlarından hesab olunur. Həmin filmdə
Züleyxa obrazını oynamış Xalq artisti Flora Kərimova
müsahibələrinin birində deyib: “Mehmanla
Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin
qəfildən sınması və Qaloşun qırıq
şüşədən onları izləməsi səhnəsi
kinostudiyanın pavilyonunda ekranlaşdırılırdı. O
an məni vahimə basmışdı. İnanın, bir
neçə gün o qorxunun təsirindən çıxa
bilmirdim. Çəkiliş getdiyini, Qaloşu oynayanın Rza Təhmasib,
hər gün salamlaşdığım adam olduğunu bildiyim
halda qorxmuşdum. Məndə xof yaranmışdı. Rza Təhmasib
orada o qədər real oynayırdı, elə zəhmli
baxışı vardı ki, həqiqətən, filmə
çəkildiyimi unutmuşdum. Bu aktyorun qüdrətindən
irəli gələn bir şey idi, sözlə ifadə ediləsi
deyil”.
Rza Təhmasib 60-cı illərdə Azərbaycan Teatr
Cəmiyyətinin (indiki Azərbaycan Teatr Xadimləri
İttifaqı) sədri olub. O, ömrünün böyük
bir dövrünü həm də pedaqoji fəaliyyətə
həsr edib, Azərbaycanda yeni rejissor və aktyor nəslinin
yetişməsində mühüm xidmətlər göstərib.
Sənətkar əvvəllər Bakı Teatr Məktəbində,
1946-cı ildən ömrünün sonunadək isə Azərbaycan
Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən
dərs deyib.
Görkəmli sənətkarın fəaliyyəti
dövlət tərəfindən yüksək qiymətləndirilib.
1943-cü ildə “Əməkdar incəsənət xadimi”,
1964-cü ildə isə “Xalq artisti” fəxri adları ilə
təltif edilib.
Rza Təhmasib 1980-ci il fevralın 14-də Bakıda vəfat
edib, II Fəxri xiyabanda dəfn olunub.
Nurəddin
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.6.