AMEA-da dünyaca məşhur alim soydaşımızla görüş

 

AMEA-nın Rəyasət Heyətində Yaponiyada yaşayan məşhur  azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə görüş keçirilib.

Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada həyata keçirilən islahatların rəqəmsallaşdırma sahəsini də əhatə etdiyini, dövri elmi jurnallara və alimlərin məqalələrinə DOİ identifikatorunun verildiyini, elmi müəssisələrin əməkdaşlarına “Vikipediya” təlimlərinin keçirildiyini, “Google Scholar”, ORCİD və digər akademik sosial şəbəkələrdə alimlərin yeni profillərinin yaradıldığını deyib. Akademik elektron hərəkatın daha da genişləndirilməsi məqsədilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açıldığını da diqqətə çatdırıb.

“Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib. Şöbə müdiri AMEA-da çap olunan elmi jurnalların elektron resurslarının yaradılmasının cari vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, həmçinin “Milli Dərgi Park” elektron baza reyestrinin yaradılması ilə bağlı görülən işlərdən danışıb.

Milli Aviasiya Akademiyasının prorektoru professor Xaqani Abdullayev elektronlaşma istiqamətində Azərbaycan Milli Elmlər Akademiyası ilə ortaq layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Xəlil Kələntər apardığı elmi-tədqiqat işləri, qazandığı patent və mükafatlar, imza atdığı elmi yeniliklər barədə danışıb. O, AMEA və Milli Aviasiya Akademiyası ilə birgə müştərək layihələrin həyata keçirilməsinə maraq göstərdiyini, bilik və bacarığının yerli alimlərimizin işlərinin tətbiqində yardımçı olmaqdan şərəf duyduğunu bildirib.

Alim görüş iştirakçılarının suallarını cavablandırıb.

Görüşdə rəqəmsal elektronlaşma, elektron kataloqların hazırlanması, elmi bazaların hazırkı vəziyyəti, elektron xidmətlərin təşkili, süni intellektin humanitar və ictimai elmlərə tətbiqi və s. məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.3.