Atatürkün uşaqlara ərməğan etdiyi gün

 

23 aprel – Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Gəncədə qeyd olunub. Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən mərasimdə əvvəlcə iki qardaş dövlətin himnləri səsləndirilib.

Mərasimdə şəhərin icra başçısı Niyazi Bayramov və Türkiyənin baş konsulu Recep Öztop çıxış ediblər. “Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün dünya uşaqlarına ərməğanıdır. Türkiyənin hər yerində olduğu kimi, Azərbaycanda, o cümlədən Gəncə şəhərində bu bayram böyük coşqu ilə qeyd olunur”, – deyə baş konsul bildirib.

Sonra konsert proqramı təqdim olunub. Şəhər incəsənət məktəbinin zərb alətləri ansamblı, Gəncə Dövlət Filarmoniyasının uşaq rəqs ansamblı, Fikrət Əmirov adına 1 saylı musiqi məktəbi, Aşıq Şəmşir adına Göygöl rayon musiqi məktəbi şagirdlərinin ifaları alqışlarla qarşılanıb.

Tədbirdə iştirak edən uşaqlara Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən hədiyyələr təqdim edilib.

1920-ci il aprelin 23-ü Ankarada Türkiyə Birinci Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir. Cümhuriyyətin banisi Mustafa Kamal Atatürk 1924-cü ildə 23 aprelin bayram kimi qeyd edilməsi haqqında qərar imzalayıb. 1929-cu ildən isə bu gün Milli Suverenlik və Uşaq Bayramı kimi qeyd olunur.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.1.