Mədəniyyətlərarası Dialoq Forumunda yüzə yaxın ölkənin təmsil olunması gözlənilir

 

“Bu, beynəlxalq səviyyədə Azərbaycana olan etimad və dəstəyin ifadəsidir”

 

May ayında ölkəmiz “Bakı Prosesi” çərçivəsində altıncı dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan “Bakı Prosesi” mədəniyyətlərarası dialoq sahəsində yeganə qlobal platformadır.

Bu platformaya aparıcı beynəlxalq təşkilatlar tərəfindən, xüsusilə də BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Dünya Turizm Təşkilatı tərəfindən geniş dəstək göstərilib. Sözügedən təşkilatların tərəfdaşlığı ilə 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə ölkəmizdə beş dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilib. Təbii ki, Azərbaycanın bu forumlara ev sahibliyi etməsi beynəlxalq səviyyədə ölkəmizə olan etimadın və dəstəyin ifadəsidir.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bu fikirləri AZƏRTAC-a müsahibəsində deyib.

Nazir müavini bildirib ki, ötən forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət nümayəndələri, beynəlxalq təşkilatların nümayəndələri və rəhbərləri, eyni zamanda, müxtəlif elmi dairələrdən, beynəlxalq institutlardan, beyin mərkəzlərindən olan şəxslər qatılıb. Eyni zamanda, bu forumlar çərçivəsində, 200-dən artıq müxtəlifformatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Dünya üçün aktual olan çağırışlar və məsələlər müzakirə olunub. Keçirilən beş forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb.

VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun pandemiya ilə bağlı yaranmış bir neçə illik fasilədən sonra təşkil olunduğunu diqqətə çatdıran Fərid Cəfərov qeyd edib ki, bu Forum, əvvəlkilərlə bir çox məqamlarda üst-üstə düşən fəaliyyəti əks etdirməklə yanaşı, müasir çağırışlara həsr olunan müzakirələri ehtiva edəcək. Forum çərçivəsində on panel müzakirənin, dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, xüsusilə də iqlim dəyişikliyi fonunda mədəni irsin mühafizəsi məsələsinin aktuallığı, ksenofobiya, qanunsuz miqrasiya və digər sahələri əhatə edir. Forum çərçivəsində dünyanın müxtəlif bölgələrini təmsil edən 100-dən artıq dini liderin iştirak edəcəyi “Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi” adlı plenar iclas da keçiriləcək.

Forum iştirakçılarının işğaldan azad edilmiş ərazilərə səfəri, Ağdam və Şuşada iki xüsusi panel sessiyanın keçirilməsi də nəzərdə tutulur.

Forum üçün qeydiyyat prosesinin davam etdiyini deyən nazir müavini bildirib ki, yüzə yaxın ölkəni, onlarla beynəlxalq təşkilatı təmsil edən çoxsaylı yüksəkvəzifəli şəxslərin tədbirə qatılacağı gözlənilir.

Nazir müavini onu da diqqətə çatdırıb ki, 2017-ci ildə BMT Baş katibinin hesabatında “Bakı Prosesi” mədəniyyətlərarası dialoq səviyyəsində yeganə böyük qlobal platforma kimi qeyd olunub. Bundan başqa, UNESCO İcraiyyə Şurasının 2022-ci ildə qəbul etdiyi qətnamədə “Bakı Prosesi”nə bütün dövlətlər tərəfindən dəstək verilməsi çağırışı əks olunub.

“Azərbaycanın mədəniyyətlərarası dialoq platformasına ev sahibliyi etməsi, təbii ki, bir prosesin nəticəsidir. İlk növbədə, dövlətimizin başçısı tərəfindən bu mövzuya və bu sahəyə olan xüsusi diqqət və dəstəyin təzahürüdür. Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin məkanı kimi tanıdılmasının şahidi oluruq. Bu, ölkəmizin haqqında bəhs etdiyimiz Forumla yanaşı, digər analoji mövzulardakı beynəlxalq tədbirlərə ev sahibliyi etməsində özünü büruzə verir”, – deyə F.Cəfərov əlavə edib.

 

Mədəniyyət.-  2024.- 24 aprel, ¹30.- S.1;3.