Yolunuzu oxuyun”
UNESCO-nun Dünya Kitab və Müəlliflik Hüququ
Günü mövzusu
Otuz ilə yaxındır ki, 23 aprel Dünya Kitab və
Müəlliflik Hüququ Günü (World Book and Copyright Day)
kimi qeyd olunur. UNESCO-nun 1995-ci ildə təsis etdiyi bu günün
dünya ədəbiyyatı üçün xüsusi
anlamı var.
23 aprel 1616-cı ildə dünya ədəbiyyatının
üç tanınmış siması – ingilis şairi və
dramaturqu Vilyam Şekspir, ispan yazıçısı Migel de
Servantes və Peru yazıçısı İnka Qarsilaso de la
Veqa vəfat edib. Əlamətdar gün onların xatirəsinə
ehtiram olaraq təsis edilib.
Belə bir günün təsis edilməsi həm də
kitablara və müəlliflərə dünya miqyasında
ehtiramın göstəricisi, kitabların hər kəsə əlçatan
olmasının təşviqidir.
Əlamətdar gün Azərbaycanda 1997-ci ildən
qeyd edilir.
UNESCO ənənəvi olaraq hər il Dünya Kitab və
Müəlliflik Hüququ Günü üçün
mövzu elan edir. 2024-cü il üçün günün
mövzusu “Yolunuzu oxuyun” (“Read Your Way”) kimi müəyyən
edilib. Mövzu oxumaq həvəsinin formalaşmasında
seçim və həzzin əhəmiyyətini
vurğulayır.
Təşkilatın baş direktoru Odri Azulenin
adından yayılan müraciətdə qeyd olunur ki, kitablar səyahətə
və başqaları ilə qarşılaşmağa dəvətdir:
hər yeni səhifə çevrildikdə gözlərimiz
önündə başqa bir dünya görünür:
“2024-cü il Dünya Kitab və Müəllif Hüquqları
Günündə biz kitabların gücünü və
gözəlliyini qeyd etmək istəyirik. Kitabların tam
potensialını ortaya qoya bilməsi üçün
onların dünyamızın dil müxtəlifliyini əks
etdirməsi vacibdir. Bununla belə, hər bir yazılı dil
özünəməxsus dünyagörüşünü,
simvolları və dəyərləri ilə seçilir”.
Müraciətdə bildirilir ki, dil müxtəlifliyini
dəstəkləmək və təşviq etmək BMT-nin
prioritetlərindən biridir və təşkilatın elan
etdiyi Yerli Dillərin Beynəlxalq Onilliyi (IDIL; 2022–2032) də
bunun göstəricisidir. IDIL çərçivəsində UNESCO
həm yerli, həm də regional dillərdə kitabların nəşrinə
dəstək verir, o cümlədən Afrikada kitab sənayesini,
xüsusilə gənclər üçün kitablara həsr
olunmuş sektoru dəstəkləyir.
Qeyd olunur ki, bu ilin mayında Rabatda (Mərakeş)
keçiriləcək Beynəlxalq Nəşriyyat və Kitab
Sərgisində UNESCO-nun siyahısına salınmış mədəni
irslər haqqında nəşrin təqdimatı da olacaq.
UNESCO savadlılıq təhsilini gücləndirmək və
müəllif hüquqlarının və ifadə
azadlığının qorunmasını təşviq etmək
üçün nəzərdə tutulmuş Dünya Kitab Paytaxtları
Şəbəkəsi vasitəsilə nəşriyyat sektorunu
və mütaliə gücünü dəstəkləyir.
Diqqətə çatdırılır ki, Strasburq
(Fransa) şəhəri 2024-cü ilin “Dünya kitab
paytaxtı” elan edilib. Məqsəd kitabları həm
dövrümüzün ekoloji problemlərini
çatdırmaq, həm də əlaqəli elmi bilikləri
paylaşmaq üçün üstünlük verilən vasitəyə
çevirməkdir.
Xatırladaq ki, 2023-cü ildə UNESCO Qana
Respublikasının (Afrika) paytaxtı Akkra şəhərini
“Dünya kitab paytaxtı” elan edilmişdi. 2025-ci ildə isə
bu missiyanı Braziliyanın Rio-de-Janeyro şəhəri qəbul
edəcək.
Müraciətdə müəllif
hüquqlarının önəmi də vurğulanır:
“Ümumiyyətlə, biz müəlliflərdən
başlayaraq kitab sənayesi ilə məşğul olan
bütün şəxslərin ədalətli
mükafatlandırılmasını dəstəkləməyə
sadiqik. Axı hər bir kitabın arxasında onun
yaranmasına səbəb olan bütöv bir nou-hau və
bacarıqlar zənciri dayanır. Bu gün UNESCO sizi təkcə
mütaliə və mədəniyyəti qeyd etməyə
deyil, həm də onlara dəstək olmaq öhdəliyi
götürməyə dəvət edir”.
Mədəniyyət.- 2024.- 24 aprel, ¹30.- S.1;2.