“Hər yanı gülşən Azərbaycan” – regional xor müsabiqəsi

 

Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət idarələrinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional xor müsabiqəsi keçirilir.

Müsabiqənin ilk seçim mərhələsi aprelin 23-də Sabirabad rayon Mədəniyyət Mərkəzində gerçəkləşib. Tədbirdə Mərkəzi Aran RMİ-nin rəisi Aydın Bəşirov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı, hər iki idarənin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.

Seçim mərhələsinə hər iki RMİ üzrə yeddi uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri qatılıb. Onların çıxışlarını Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanova, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovdan ibarət münsiflər heyəti qiymətləndirib.

Müsabiqənin ikinci seçim mərhələsi Mərkəzi Aran RMİ üzrə 9 uşaq musiqi məktəbinin xor kollektivlərinin iştirakı ilə aprelin 24-də Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbində keçirilib.

Mingəçevir şəhərindən Ü.Hacıbəyli adına 1 nömrəli onbirillik Musiqi məktəbi, Bülbül adına 2 nömrəli Uşaq musiqi məktəbi, Ağdaş şəhər 1 nömrəli Uşaq musiqi məktəbi, Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbi, Göyçay şəhər Arif Məmmədov adına Uşaq musiqi məktəbi, Kürdəmir şəhər Uşaq incəsənət məktəbi final mərhələsinə vəsiqə qazanıb.

Final mərhələsi mayın 7-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

 

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.4.