İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (13)
Ötən əsrin 30-cu illəri Azərbaycanın
tarixində repressiyaların vüsət aldığı,
siyasi müstəvidən ictimai həyata, ədəbiyyat və
mədəniyyətdən hətta ailə-məişətədək
hər yerdə “xalq düşmən”lərinin
axtarıldığı, qorxu, səksəkə içində
keçən, kabus dolu bir dövr idi. Sinfi mübarizənin
qızğın cəbhələrindən biri də ədəbiyyat
idi. Sosializm quruluş və baxışlarına uyğun gəlməyən
hər şey ədəbiyyat üçün yad ünsür
sayılırdı.
1936-cı ilin 24 mart – 3 aprel tarixlərində Azərbaycan
sovet yazıçılarının müşavirəsi
keçirilmişdi. Müşavirə “Pravda” qəzetində
formalizm və naturalizm əleyhinə dərc olunmuş məqalənin
müzakirəsinə həsr edilmiş, on gün ərzində
bu mövzuda şair, yazıçı və ədəbiyyatşünasların
alovlu məruzələri dinlənilmişdi.
“Ədəbiyyat” qəzeti 14 aprel tarixli nömrəsindən
həmin çıxışların dərc etməyə
başlamışdı. İlk olaraq xitabət
kürsüsü Səməd Vurğuna verilmişdi. Mətbuat
xronikasından budəfəki seçməmiz həmin
çıxışdan götürülüb. Seçmədə
dövrün orfoqrafiyası saxlanılıb.
Formalizm və naturalizm əleyhinə
(Səməd Vurğun yoldaşın giriş nitqindən)
Formalizmin doğrudan da, həyatdan uzaqlaşmaq nəticəsində
meydana çıqdıqı aydındır. Bu məsələni
aydınlaşdırmaq üçün mən çox
hörmət bəslədiyimiz və şəxsən mənim
çox hörmət bəslədiyim bizim hörmətli sənətkarımız
Hüseyn Cavid yoldaşdan başlamaq istəyirəm. Mən
Hüseyn Cavidə bir yoldaş kibi öz fikrimi söyləmək
istəyirəm. Ümidvaram ki, o mənim sözlərimdən
qəti surətdə inciməyəcəkdir.
Biz Hüseyn Cavidin yaradıcılığından
istifadə etmiş və edəcəyik. H.Cavidin
yaradıcılığında biz şairlər
üçün öyrənməli şeylər çoqdur.
Lakin Hüseyn Cavidin yaradıcılığı bizim Azərbaycan
xalqilə, onun tarixilə, onun taleilə bağlı deyildir.
Mən əminəm ki, böyük sənətkar
H.Cavid həqiqi xalqçılıq uğrunda
apardığımız mübarəzədə bizim səsimizə
hər kəsdən əvvəl səs verəcəkdir.
Əminəm ki, H.Cavid Azərbaycan xalqını, sosyalizm
ölkəsində xariqələr yaradan Azərbaycan
xalqını daha dərindən sevəcək, onu
bütün genişliyilə öz əsərlərində
göstərəcəkdir. Azərbaycanın gözəl təbiəti,
gözəl və cəsur qızları, çalışqan
oğulları, qəhrəman xalqı vardır. Ölkəmiz
hər şeyi olan zəngin xoşbaxt bir ölkədir.
Bunların hamısı yazıçı üçün
layiq mənbə deyilmi?...”.
“Ədəbiyyat” qəzeti, 14 aprel 1936-cı il
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.6.