Məşqlər davam edir...
Dövlət Gənc Tamaşaçılar
Teatrında “Qaraca qız” pyesi (Süleyman Sani Axundov, Abdulla
Şaiq) əsasında hazırlanan eyniadlı tamaşanın
məşqləri davam edir.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət
Səlimova, rejissoru Əməkdar artist Nofəl Vəliyev, rəssamı
Nisə Hətəmova, musiqi tərtibatçısı
İradə Muradovadır.
S.S.Axundovun “Qaraca qız” hekayəsi əsasında
1948-ci ildə şair, yazıçı Abdulla Şaiq Gənc
Tamaşaçılar Teatrı üçün eyniadlı
pyes yazıb. Əsər ölkənin bir sıra
teatrlarında tamaşaya qoyulub. Bəstəkar Əşrəf
Abbasov bu əsər əsasında Azərbaycanda uşaqlar
üçün ilk balet (libretto müəllifi Əfrasiyab Bədəlbəyli)
yaradıb.
***
Sumqayıt Dövlət Dram Teatrında balacalar
üçün yeni tamaşa üzərində iş gedir.
Dünya ədəbiyyatına müraciət edən
yaradıcı heyət balacaların görüşünə
Dyula Urbanın “Şoma və Fruji” pyesi (tərcümə
Nizami Mirzəyevindir) əsasında hazırladıqları səhnə
əsəri ilə gələcək.
Birhissəli tamaşaya gənc rejissor Fuad Kazımov
quruluş verir. Quruluşçu rəssam Elşən Sərxanoğlu,
icraçı rəssam Nizami Dadaşov, musiqi tərtibatçısı
sənətşünaslıq üzrə fəlsəfə
doktoru Telman Qəniyevdir. Səhnə əsəri mayın
ortalarında təqdim olunacaq.
***
Qazax Dövlət Dram Teatrı isə Əli
Əmirlinin “Onun iki qabırğası” komediyası teatrın
baş rejissoru Əməkdar artist Musa Eyyubovun quruluşunda
hazırlanır. Səhnə işinin quruluşçu rəssamı
Aysan Omarova, musiqi tərtibatçısı Vahid Bayramovdur.
Məişət komediyasında rolları teatrın
aparıcı səhnə ustaları Xəzər Gəncəli,
Vüsal Hüseynov, Zəmanə Dərviş, Aytac Cəfərova,
İlqar Hacıəliyev, Xəzər Gəncəli, Aydın
Orucov və Xanım Məmmədova oynayacaqlar.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.5.