“Mən də əmim kimi qəhrəman olacağam...”

 

Azərbaycan Ordusu tərəfindən 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə sərhədlərimiz daxilində ölkəmizin suverenliyi tam bərpa olundu. Hərbçilərimizin böyük qəhrəmanlığı sayəsində bir gündən də az bir zamanda bölgədə yüz ildən çoxdur davam edən və dövlətçiliyimiz üçün ciddi təhlükə olan erməni separatizminin kökü birdəfəlik kəsildi.

Antiterror əməliyyatı zamanı 200-ə yaxın qəhrəman Vətən övladı şəhidlik zirvəsinə ucaldı, yüzlərlə döyüşçümüz yaralandı. “Vətən fədailəri” adlı yeni rubrikamızda birgünlük döyüşlər zamanı ölkəmizin suverenliyi uğrunda canını və qanını əsirgəməyən şəhidlərimiz haqqında məlumat verəcəyik. İlk qəhrəmanımız Elşad Cəfərov barədə söz açacağıq.

Əslən Füzuli rayonundan olan Elşad Malik oğlu Cəfərov 1999-cu il noyabrın 27-də Sabirabad rayonunun Qalağayın kəndində doğulub. Üçüncü sinfə qədər burada təhsil alıb. Sonra təhsilini Füzuli rayonundakı İkinci Zobucuq qaçqın qəsəbəsində 27 nömrəli tam orta məktəbdə davam etdirib. O, asudə vaxtlarında boksla məşğul olub, hətta bu idman növündə bir sıra nailiyyətlər də əldə edib.

2018-ci ildə əsgərliyə yollanan Elşad nümunəvi xidmətinə görə hər kəsin hörmətini qazanıb. Hərbi xidmətini başa vurduqdan sonra əsgər geyimini əynində daşımağa qərar verir. 2020-ci ilin avqust ayında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətini davam etdirib.

Yeri gəlmişkən qeyd edək ki, Elşadın əmisi Adil Cəfərov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdu. Elşad da hər zaman tez-tez “Mən də əmim kimi qəhrəmancasına döyüşəcəyəm” deyər, onun və digər şəhidlərimizin qisasını almaq haqqında düşünərdi. Nəhayət, həmin qisas məqamı yetişmişdi. O, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində ön sıralarda düşmənə qarşı qətiyyətlə döyüşür. Füzuli və Xocavəndin azadlığı uğrunda döyüşlərdə şücaət göstərir.

Elşad müharibədən sonra “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunur. O bu müharibədə də əzizlərindən birini – əmisi oğlu Əli Cəfərlini itirir...

Vətən müharibəsi Zəfərlə başa çatsa da, Vətənin köksündə separatizm yuvası qalmaqda idi. Elşad kimi on minlərlə gənc hərbçi öz missiyasını bitmiş hesab etmirdi. O, 2022-ci ilin oktyabrında könüllü olaraq komando kurslarına qatılır və N saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirir. Ötən ilin 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatında Elşad bir neçə yüksəkliyin erməni terrorçularından təmizlənməsində xüsusi qəhrəmanlıq göstərir. Xocavənd istiqamətindəki döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Füzuli rayonunun Əhmədbəyli kəndində torpağa tapşırılır.

Şəhidin anası Solmaz Cəfərova qeyd edir ki, Elşad uşaq vaxtından ailəsinə bağlı olub: “Heç vaxt qoymazdı ki, ailəmizdən bir nəfərin xətrinə kimsə dəysin. O tək bizə qarşı yox, onu tanıyan hər kəsə qarşı ürəyiaçıq, hörmətcil idi. Böyüklə böyük, kiçiklə kiçik olardı. İmkanı daxilində kimsəsiz xəstə uşaqları olan ailələrə yardım edərdi. Bundan əlavə, Elşadın içində Vətənə çox böyük sevgi və hərb sahəsinə bağlılıq vardı. Komando hərbi hissəsində xidmət edən zaman əsgərlərinə qayğı göstərər, vaxtını onlarla birlikdə keçirdərdi”.

Solmaz xanım bildirir ki, Elşad Vətən müharibəsindən sonra onlara hər zaman şəhid olan qohumlarının qisasını alacağını deyirdi: “Elşadla sonuncu görüşümüz 2023-cü ilin 18 sentyabr tarixində oldu. Həmin gün evə gəlib bizimlə görüşdü, sonra geri qayıtdı. Heç bilməzdim ki, bu, oğlumla sonuncu görüşümdür...”.

Qeyd edək ki, Elşad Cəfərov ölkə başçısının müvafiq sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Allah rəhmət eləsin.

 

Nurəddin

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.6.