Abdulla Şaiqin
“Türk çələngi” kitabının yeni nəşrinin
təqdimatı
Aprelin 23-də AMEA-nın Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi”
kitabının yeni nəşrinin təqdimat mərasimi
keçirilib. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyi ilə
birgə təşkil edilib.
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi
A.Şaiq həm də ömrünün qırx ilə
yaxın dövrünü xalqının maariflənməsinə,
mədəni inkişafına həsr etmiş böyük
pedaqoqdur. Ədib 11 adda dərslik tərtib edib: “Gülzar”,
“Gülşəni-ədəbiyyat”, “Türk ədəbiyyatı”,
“Qiraət kitabı”, “Ədəbiyyat dərsləri” (H.Cavidlə
birlikdə), “Ədəbiyyatdan iş kitabı” və s. bu qəbildəndir.
A.Şaiq “Türk çələngi” kitabını
vahid Turan ideyasının əsasının qoyulduğu, bu
istiqamətdə türksoylu xalqların mübarizə
apardığı bir dövrdə, Azərbaycan Xalq
Cümhuriyyəti illərində nəşr etdirib. Türk
birliyinin aktual olduğu müasir dövrümüzdə
“Türk çələngi” kitabının latın
qrafikalı Azərbaycan əlifbasında nəşrinin həm
oxucular, həm də mütəxəssislər
üçün əhəmiyyəti böyükdür.
Kitab Ədəbiyyat İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə fəlsəfə doktoru
Arzu Əhməd Hacıyeva tərəfindən
transfoneliterasiya olunub.
Təqdimatda çıxış edən institutun elmi
işlər üzrə direktor müavini filologiya üzrə
fəlsəfə doktoru Mehman Həsənli görkəmli ədib
Abdulla Şaiqin Azərbaycan ədəbiyyatı tarixində və
pedaqoji fikrinin inkişafında böyük rolu olduğunu diqqətə
çatdırıb.
Ədibin mənzil-muzeyinin direktoru sənətşünaslıq
üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə
Abdulla Şaiqin “Türk çələngi” kitabının
maarif sahəsində əhəmiyyətini vurğulayaraq qeyd
edib ki, əvvəlki dövrlərdə yaranmış dərsliklər
müasir dərslik yazan maarifçilərə örnək
olmalı, zəmin rolunu oynamalıdır.
Kitabı transfoneliterasiya edən və yeni nəşrə
ön söz yazan Arzu Əhməd Hacıyeva “Abdulla Şaiq
irsində “Türk çələngi”nin yeri” mövzusunda
çıxış edib. O, görkəmli ədəbiyyatşünas
Yaşar Qarayevin bir fikrini diqqətə çatdırıb:
Abdulla Şaiq şair ikən müəllim, müəllim ikən
şairdir.
Filologiya elmləri doktorları İslam Qəribli, Asif
Rüstəmli, Tahirə Məmməd, Lütviyyə Əsgərzadə,
Eşqanə Babayeva, filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlı
çıxışlarında nəşrin əhəmiyyətindən
söz açıblar.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.7.