Bakıda Rusiya kinosu günləri keçirilir

 

Aprelin 24-də Nizami Kino Mərkəzində Azərbaycanda Rusiya kino günlərinin açılışı olub.

Mərasimdə Rusiyanın Azərbaycandakı Səfirliyinin nümayəndəsi Andrey Rumyantsev çıxış edərək səfir Mixail Yevdokimovun salamlarını çatdırıb. Qeyd edib ki, kino günləri həm tamaşaçılar, həm də kino xadimləri üçün bayramdır. Diplomat layihənin həyata keçirilməsi üçün yaradılmış gözəl şəraitə görə Azərbaycan rəhbərliyinə və Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Diqqətə çatdırılıb ki, kino günləri sovet insanlarının, o cümlədən Azərbaycandan olan əsgər və zabitlərin, arxa cəbhədə çalışan zəhmətkeşlərin, tibb işçilərinin İkinci Dünya müharibəsindəki şücaətini, faşizm üzərində ümumi qələbəmizi bir daha yada salan “Nürnberq” filmi ilə başlayır.

Kino günləri layihəsinin prodüseri Rusiyanın əməkdar mədəniyyət işçisi Yelena Lebedeva tədbirin təşkilinə köməklik göstərən hər kəsə təşəkkür edib.

Teatr və kino artisti Polina Neçitaylo atasının azərbaycanlı rəssam Səttar Bəhlulzadə ilə yaxın dost olmasına dair xatirələrini bölüşüb.

Çıxışlardan sonra rejissor Nikolay Lebedevin “Nürnberq” filmi nümayiş olunub. Filmin mövzusu İkinci Dünya müharibəsindən sonra, 1945-ci ildə Nürnberq şəhərində alman faşist rəhbərləri üzərində keçirilən beynəlxalq hərbi tribunalla bağlıdır və həmin vaxt burada rastlaşan iki gəncin münasibətlərindən bəhs edir.

Qeyd edək ki, filmin təqdimatı üçün baş rolun ifaçısı Sergey Kempo Bakıya gəlib.

Rusiya nümayəndə heyətinə həmçinin aktyorlar Yelena Zaxarova (“Partizan meşəsinin xəzinələri” filmi), aktrisa Polina Lazareva (“Qağayı” filmi) və Aleksey Bardukov (“Xokkey ataları” filmi) daxildir.

Rusiya kinosu günlərinin proqramına ümumilikdə dörd ekran əsəri daxildir. Nümayişdən sonra müzakirələr nəzərdə tutulub.

Film nümayişləri Nizami Kino Mərkəzində aprelin 27-dək davam edəcək.

 

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.5.