“Ana, 2+2 bəzən
dörd eləmir”...
“Ümid nəğməsi” tamaşasından təəssürat
Haqlıdır. Eləmir. Ha əlləşib çək-çevir
eləsən də, bəzi məqamlarda 2+2=4 olmur ki, olmur.
Çünki həyat özünü sınaq meydanı elan
edib. Gün-güzəran dalınca qaçmaqdan sanki
yaşamaq yadımızdan çıxıb. İndi
görün, belə məqamda kimdir hesab-kitabla baş yoran?!
Aprelin 19-da Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında gənc müəllif Pərviz
Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi”
adlı tamaşanın premyerası oldu. Beynəlxalq festival
(Daşkənd, “Uşaqlar XXI əsrdə” festivalı)
üçün hazırlanan tamaşaya sənət
ocağının kiçik səhnəsində baxdıq.
Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi səhnə
əsərinin quruluşçu rəssamı Nisə Həsənova,
musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Psixoloji dram janrında hazırlanan tamaşada
obrazları aktyorlar Sevinc Əziz (Səlma ana), Sənan
Kazımov (Cəlal), Nurlan Süleymanlı (Camal) və Səbinə
Məmmədzadə (Leyla) canlandırırdılar.
Tamaşanın əsas ideyası autizm sindromlu gənc
Camalın timsalında belə həssas qruplardan olan insanlar,
onların hissləri və ailələri, cəmiyyətlə
münasibətlərinə diqqət çəkməkdir.
Biz üçnəfərlik – ana və iki oğuldan
ibarət ailə ilə tanış oluruq. Oğlanlarını
tək böyüdən Səlma ananın yeganə istəyi
xəstə kimi qəbul etmədiyi və hər vəchlə
həm də müalicəsinə
çalışdığı oğlu Camaldır. Tort
bişirib satmaqla, sözsüz ki, buna nail olmaq mümkün
deyil. Çünki bu sindromlu insanlarla bağlı mütəxəssislər
və müalicə üsulları çox bahadır. Ailənin
də buna gücü çatmır.
Ana tək deyil. Hələ uşaq yaşından evin
kişisi kimi ailənin yükünü anası ilə bərabər
daşıyan Camalın böyük qardaşı Cəlal da
var. O, universitetdə oxuya-oxuya durmadan çalışıb.
Amma təhsilini xaricdə davam etdirmək
kimi planı da var. Bunun üçün pul da
yığıb. Elə evə həmişəkindən tez gəlməsinin
səbəbi də budur: İtaliyada təhsil
üçün müraciətinə müsbət cavab
verilib. Qalır təhsil haqqını ödəmək. Bu xəbəri
sevincək anasına çatdırmaq istəsə də, hər
şey başqa cür olur. Ana bu oğlunun təhsil
üçün yığdığı pulu ondan xəbərsiz
o biri oğlunun müalicəsinə sərf edib. Daha
doğrusu, xaricdən gələcək mütəxəssisin
qəbulu üçün ödəyib. Cəlal bunu biləndə
hər şey dəyişir və illərlə içində
saxladığı incikliklərini, ona rahatlıq verməyən
hisslərini püskürür. Anasının ona laqeyd
olduğunu belə deməkdən çəkinmir.
Sözsüz ki, bütün bunlar Camalın köhnə
telefonlarla dolu dünyasına gedib çatmır. Bütün
gününü o telefonları qurdalamaqla keçirir. Ən
son məqamda – xilas anında məhz o xarab telefonlardan birinin
işləyəcəyindən, işlədə biləcəyindən
xəbərsiz halda...
Ana-bala arasındakı mübahisə
böyüdükcə Camalın da qorxusu, fəryadı
yüksəlir. Cəlal gah anasına, gah xəstəliyini
anasından başqa hər kəsin qəbul etdiyi
qardaşına, gah özünə, gah şəkillərdən
boylanan atasına, gah da bütün dünyaya qəzəb
yağdırır. Anası ona təsəlli verməyə
çalışsa da, münasibətlər daha da gərginləşir.
Çünki Cəlal hətta qardaşına həsədini
belə dilə gətirir. Qardaşının yerində olmaq
istədiyini, uşaq vaxtlarında ona həsəd
apardığını deyir. Ortaya çökən
cansıxıcı sükutu qapının döyülməsi
pozur. Çünki Cəlalın da, Camalın da vurğun
olduğu qonşu qız – Camala kamança
çalmağı öyrədən Leyla gəlir.
Konservatoriya tələbəsi olan Leyla Cəlala laqeyd
deyil. Amma ana onların münasibətlərini qəbul edə
bilmir. Axı Leyla Camalın dilinin əzbəri, meylini
salıb mehr gördüyü yeganə insandır. Bu da Cəlalı
özündən çıxarır.
Doğmalar arasında kök salan bu
dağınıqlığa sahman üçün musiqi
lazımdır və Camal müəlliminin ona öyrətdiyi
bir parçanı ifa edir. Bu an ana az qalır qanad
açıb uçsun. Amma sevinc uzun sürmür. Bu zaman zəlzələ
baş verir və onlar dağıntılar arasında
qalırlar. Ümidlərin öləziyib, əsəblərin
tarıma çəkildiyi an – ailənin zirzəmi arasında
qaldığı məqamda Camalın ifa etdiyi növbəti
parça ümidlərin nəğməsi kimi qanadlanaraq
xilasedicilərin onları tapmasına səbəb olur...
Tamaşa birmənalı olaraq təsirli idi. Sadə həyat
hekayətinə inandırıcı tərzdə təqdimatına
görə.
Səhnədə az-az gördüyüm Sevinc
Əzizin Səlma anası həyat mübarizəsi aparan həssas
insanın ağır yükünü yaxşı
“daşıdı”. Xüsusən, obrazdan irəli gələrək
sağlam övladı ilə xəstə, fərqli
övladı arasında sıxışıb qalan, hisslərinin
məngənəsində özündən başqa heç kəsə
anlamaq imkanı verməyən məqamlarda. Aktrisa bu
keçidlərdə böyük bir ana, qadın obrazı,
onun fərqli ovqatlara, aldadıcı maneralarla uyğun dəyişkənliyini
yaxşı ifadə etdi. O, durmadan sevgi göstərən
ananı təqdim etdikcə sanki bizi cəmiyyət olaraq da
autizm sindromlu insanların taleyinə biganə qalmamağa səsləyirdi.
Nurlanın qəhrəmanı Camal, onun bir aktyor kimi
özünü “sındırmaq”la obrazına nüfuz etməsi,
bir-iki məqam xaric, məhz autizm sindromlu insan kimi refleksləri
çox yerində idi.
Gənc və potensial imkanlarına görə
seçkin ikili – Sənan və Səbinənin də qəhrəmanları
maraqlı, baxımlı, səmimi ovqat yaratdı. Sənanın
səs tembri qəhrəmanın psixoloji
sarsıntılarını bəzən yaşlı kişi, bəzən
küskün uşaq, bəzən də xoşbəxt bir
aşiq kimi ifadədə yetərli idi.
Tamaşaya verilən səhnə və musiqi tərtibatı
da yerində, yığcam idi. Əsl səyyar tamaşa. Yəni
daşına biləcək dekor-tərtibat seçilmişdi.
Tamaşanın bir neçə üstün cəhətini,
xüsusən də maarifləndirici tərəfini qeyd etməyə
bilmərəm. Məsələn, tamaşanı müəyyən
əlavələr etməklə, bir növ, autizmli gənclərin
ünsiyyət və münasibət sədlərinin, manevr və
dəyişkən vəziyyətlərə uyğun
reaksiyalarının səhnə ifadə dilini tapmaqla bu qəbildən
insanlara təqdim etmək çox effektli olar. Digər tərəfdən,
bu tamaşa ilə autizm sindromu ilə bağlı cəmiyyətdə
məlumatlılığı artırmaq mümkündür.
Onu da qeyd edim ki, heyət məlum festivalla bağlı
artıq qardaş Özbəkistanda səfərdədir və
ümid edək ki, oradan haqq elədikləri uğurla dönəcəklər.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.5.