Musiqisi
Ələkbər Tağıyevindir...
Bu təqdimatla görün nə qədər nəğmələr
könlümüzün sarı siminə toxunub, ruhumuza
qol-qanad verib. O bir bəstəkar kimi yaşadığı
dövrün sənətlə bağlı müxtəlif
qadağalarına rəğmən, böyük
tapıntılarından idi.
Hərdən mənə elə gəlir ki, o nəğmələrin
müəllifi sağdır, aramızdadır, hətta lap
cavan yaşdadır. Bəli, ən sevdiyim nəğmələrin
müəllifi, görkəmi bəstəkar, prokuror Ələkbər
Tağıyevin anadan olmasının 100 illiyidir.
Kimlər olmuş gör sirdaşın...
Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də
Gəncədə dünyaya gəlib. İlk təhsilini burada
alıb və 1938-ci ildə şəhərdəki xalq məhkəməsində
əmək fəaliyyətinə başlayıb.
Çoxuşaqlı kasıb ailəsinə, az da olsa, dəstək
olmaq üçün hətta yaşını da iki il
böyütdürüb. Məhkəmədə
çalışmaq onun peşə seçimində öz
sözünü deyib və Ümumittifaq Qiyabi Hüquq
İnstitutunu bitirib. 1974-cü ilə qədər prokurorluq
orqanlarında çalışıb...
Qəlblərə xitab edən musiqiləri isə
başqa bir ailəm... Onu tanıyanların bildirdiyinə
görə, günün istənilən çağı, istənilən
ovqatda beynində hansısa melodiyanın
dolaşdığını sezmək olardı. Musiqi təhsili
olmadığından dövrün məşhur yapon
maqnitofonlarını evdə, işdə, maşında
özü ilə gəzdirər, zümzümələrini
kasetlərə yazar və musiqiçi dostlarına göndərib
nota köçürdərmiş. Bu minvalla hər kəsə
doğma nəğmələr zümzümələrdən
konsert salonlarına, televiziya efirlərinə, radio
dalğalarına ötürülərmiş. Bu da çox
çətinliklə. Niyə? Dövrün tələbinə
görə, musiqi, daha doğrusu, bəstəkarlıq təhsili
olmadığından ona bəstəkar, mahnı müəllifi
demək olmaz, Bəstəkarlar İttifaqına nəinki
üzv, heç bu barədə rəy də vermək
olmazmış.
Amma ixtisasca hüquqşünas olan, üstəlik də,
xarakter etibarilə inadkar və tələbkar Ələkbər
Tağıyev zamanla bu məsələni də yoluna qoyur. Amma
ilk olaraq mahnılarına “xalq mahnısı” adını
qoyur. Beləcə, dövrün ən məşhur
ifaçıları Şövkət Ələkbərova,
Zeynəb Xanlarova, Flora Kərimova, Nisə Qasımova, İslam
Rzayev, Hüseynağa Hadıyev, Məmmədbağır
Bağırzadə, Səxavət Məmmədov, Kəmalə
Rəhimli və daha neçə-neçə müğənni
onun repertuarına müraciət edərək
mahnılarını oxuyurlar.
Xoş xatirədir, qonşu qız...
Mahnı yazmağa 1958-ci ildən – oğlu Xaliqin
dünyaya göz açmasından sonra başlayır... Erkən
itirdiyi ilk övladının acısını azaldacaq yeni
körpə ilə sanki bəstəkarın populyarlıq yolu
da açılır. Dinləyicilər onu “Qonşu qız”
mahnısı ilə tanıyıb sevirlər. Bu nəğmənin
qısa zamanda geniş şöhrət qazanması müəllifə
yeni ruh, ilham verir. Prokuror anlayır ki, onun
araşdırdığı cinayət işləri fonunda
qalan bəstəkarlığı artıq “idarə olunmur”.
Daha sonra “Şirin arzular”, yaxın qohumuna yazsa da, bütün
gedib qayıtmayanların, doğma adamların itkisinə
elegiya olan “Sən gəlməz oldun”, ürəyində
dolaşanları dilinə gətirə bilməyənlərin
“Dinə bilmədim”, boz şəhərdə özünə
yuva soraqlayanların “Bakı gecələri”, böyük Vətən sevdalıların “Azərbaycanım
mənim”, izhara dönən “Ay ellər” kimi mahnılar
ildırım sürəti ilə populyarlıq qazanır.
Sözlə musiqinin harmoniyası
Onun nəğmələr silsiləsində ən
çox diqqəti cəlb edən məqam, şübhəsiz
ki, musiqi ilə sözlərin harmoniyasıdır. Sənətkarın
musiqilərinin təsirli olmasının əsas sirri bu
harmoniyada gizlənir. Bəstəkar Mikayıl Müşfiq, Mədinə
Gülgün, Səməd Vurğun, Nəbi Xəzri,
Süleyman Rüstəm, Rəsul Rza, Nəriman Həsənzadə,
Əliağa Kürçaylı, Həmid Abbas, Bəxtiyar
Vahabzadə, Hüseyn Arif, Məmməd
Rahim, Hafiz Baxış kimi məşhur şairlərin
yaradıcılığına müraciət edib, qəlboxşayan
nəğmələr ərsəyə gətirib...
Mahnılarının məşhurlaşması ilə
bəstəkar həm də musiqi təhsili almaq barədə
qərar verir. 1962-ci ildə, 38 yaşında Asəf
Zeynallı adına Musiqi Texnikumunun nəzdindəki bəstəkarlıq
kursuna daxil olur və 1964-cü ildə təhsilini müvəffəqiyyətlə
bitirir. 1976-cı ildə maestro Niyazi və Tofiq Quliyevin zəmanəti
ilə SSRİ Musiqi Fonduna üzv seçilir. Beləliklə,
onun məlum olan bütün mahnıları Müəllif
Hüquqları Agentliyində qeydiyyatdan keçir.
Bəstələri ilə həm də müğənnilər
yetişdirirdi...
Ələkbər Tağıyev o dövr
üçün həm də maraqlı bir ənənə
qoydu: bir müğənni ilə uzun müddət
çalışmaq, onun səs tembri, ifa manerası və
tamaşaçı ilə ünsiyyət metoduna uyğun
mahnılar yazmaq.
Maraqlıdır ki, bu günün ifadəsi ilə desək,
Ələkbər Tağıyev özü ilə bərabər,
həm də mahnılarını oxuyan müğənnilərin
prodüseri idi. Sözsüz ki, mahnıları və
onların taleyi, uğuru, çətinliklə
aşdığı senzura sərhədləri onu buna vadar
edirdi.
Onun ən çox əməkdaşlıq etdiyi,
mahnı silsiləsi yazdığı müğənni
SSRİ Xalq artisti Zeynəb Xanlarova və gənc ikən kəşf
edib ömrünün sonunadək mahnılarını sevə-sevə
verdiyi Xalq artisti Nisə Qasımova idi.
Hər iki ifaçının yaradıcılıq
uğurlarında, birmənalı olaraq, onun mahnıları
böyük rol oynayıb. Zeynəb xanımın həzin səsində,
Nisə xanımın ürkək üslubunda bu mahnılar
başqa bir ovqat yaradırdı...
Musiqinin ən populyar və kütləvi janrı hesab
olunan mahnının təsir gücü də genişdir. Bu
anlamda Ələkbər Tağıyevin müxtəlif
mövzulara, insanlara, vətənə, təbiətə sevgi
ilə bağlı mahnılar silsiləsi, həqiqətən,
maraq doğurur. Bəstəkarın bir nəğməsi sanki
digər nəğməsi üçün giriş, anons
xarakteri daşıyır. Sevgi, saf hisslərin tərənnümü
və həsrətə, nisgilə qarşı xoş
ovqatlı nəğmələr insanların
dünyagörüşünə, estetik zövqünə
ciddi təsir göstərir.
Üzə çıxmayan melodiyalar...
Ələkbər Tağıyevin nota alınan, lentə
yazılan mahnıları qədər üzə
çıxmayan melodiyaları da olub. Bunu illər öncə
bir müsahibəsində bəstəkarın oğlu Xaliq
Tağıyev deyib: “Atamın mahnıya çevrilməmiş
yüzlərlə melodiyası qalıb. Onları kiməsə
etibar etməyə də ürək eləmirik – birdən kimsə
öz adına çıxar. Onsuz da təzə çıxan
dırnaqarası mahnıların bir neçəsində
atamın melodiyalarını tanımışam. Mənim atam
qədər musiqi duyumum yoxdur ki, özüm bununla məşğul
olum, onları mahnı kimi hazırlayım. Yaxşı ki,
bacımın ali musiqi təhsili var, onunla bir neçə
melodiyanı mahnı kimi hazırlayıb ərsəyə
çıxara bildik. Amma nə qədər melodiya elə kaset
lentlərində qalıb. İndi gözəl melodiyaya
çox böyük ehtiyac var...”.
***
O, bahar fəslinə heyran idi. Elə mən də. Yəqin
buna görə də hələ fevralın sonundan – qarı dəlib
çıxan ürkək bənövşələr
gözümə dəyəndən “Təbiətə işvə
gəldi, naz gəldi” ilə başlayır söz-söhbətlərim.
Bəstəkarın ən sevdiyim mahnısı bu
olduğundan, həmçinin onun bütün
ömrünü bahar kimi al-əlvan yaşayıb ruhunda daim
“salxımlanan göy budaqlara” qol-qanad verib təbiətindəki
“dağ çayları coşub-daşdığından” elə
haqqındakı yazısına da “Qoy ilk bahar bəzəsin
ömrümüzü” ilə nöqtə qoyuram.
Ruhundan qopub əbədi səslənəcək nəğmələrin
1981-ci ilin 16 aprelində dayanan bəstəkar qəlbinin
avazı kimi yaşamaq haqqını heç kimə verməsin...
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.6.