Üzeyir Hacıbəyli
irsinə daha bir töhfə
2009-cu ildən bəri Heydər Əliyev Fondu və Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində
konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri
və digər tədbirlər keçirilir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyeva 2009-cu ildə keçirilən “Muğam aləmi”
beynəlxalq elmi simpoziumunda demişdir: “XX əsrin əvvəlində
dahi Üzeyir Hacıbəyli öz
yaradıcılığının timsalında ənənəvi
muğamla müasir Azərbaycan musiqisi arasında körpü
sala bildi. Beləcə, Fikrət Əmirovun və Niyazinin
simfonik muğamlarına, Qarayevin simfonizminə və XX əsr
Azərbaycan musiqisinin bir çox başqa uğurlarına yol
açıldı”.
Bu gün hamımız Üzeyir Hacıbəylinin
yaradıcılığı, onun ölməz musiqisi ilə fəxr
edirik. Azərbaycan Bəstəkarlar İttifaqının sədri
professor Firəngiz Əlizadə məqalələr toplusuna
ön sözdə Ü.Hacıbəylini “Şərq
musiqisinin sönməz günəşi” adlandıraraq
yazır: “Üzeyir bəyin irsi elə bir xəzinədir ki,
daim tədqiqatçıların diqqət mərkəzindədir
və yeni-yeni elmi əsərlərin yaranmasına səbəb
olur”.
Bu yaxınlarda təqdimatı keçirilən
“Üzeyir Hacıbəyli” elmi məqalələr toplusu dahi bəstəkarın
adı ilə şərəflənən beynəlxalq musiqi
festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar
İttifaqında təşkil olunan elmi konfranslardan
seçilmiş məruzələr əsasında tərtib
edilmişdir. Bu məruzələr həm Ü.Hacıbəyli,
həm də M.Maqomayevin yaradıcılığını əhatə
edir. Məlum olduğu kimi, hər iki sənətkarın Azərbaycan
bəstəkarlıq məktəbinin yaranmasında və
inkişafında böyük xidmətləri olmuşdur.
Topluya daxil olan məqalələrdə onların
yaradıcılığı yeni rakurslarda, müxtəlif
aspektlərdən təhlil edilir.
Ümumiyyətlə, topludakı məqalələri
belə qruplaşdırmaq olar:
Ü.Hacıbəylinin operalarının və musiqili
komediyalarının tədqiqi;
Ü.Hacıbəylinin xalq musiqisinə dair elmi tədqiqatlarının
tədqiqi;
Ü.Hacıbəyli və M.Maqomayevin
yaradıcılığına elmi-publisistik səpkidən
yanaşma;
Ü.Hacıbəyli və M.Maqomayev
yaradıcılığında folklor.
Üzeyir musiqisinin yarandığı vaxtdan bir əsrdən
çox keçmişdir. Onun musiqisi bu gün də təravətli
səslənir, Azərbaycanın hüdudlarından uzaqlarda da
özünə böyük dinləyici auditoriyası
toplamaqdadır. Xalq artisti Alim Qasımov və Əməkdar
artist Fərqanə Qasımovanın ifasında “Leyli və Məcnun”
operasının qısaldılmış variantda tar və
kamança qatılmaqla məşhur violonçel
ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək
yolu” ansamblı ilə ifası
buna əyani nümunədir. Məhz bu uğurlu ifadan sonra əsərin
yeni rəqs variantı yaranır və xoreoqraf Mark Morrisin
quruluşunda okeanın o tayında – Amerikada əsər
tamaşaya qoyulur.
Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operasının Amerika səhnəsində balet təcəssümü
topluda sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor Könül Nəsirovanın məqaləsində
çox maraqlı faktlarla
işıqlandırılmışdır. Müəllif bu
sensasiyalı tamaşanın dizayn və geyimlərindən də
bəhs etmiş, quruluşçu rəssamın səhnə
geyimlərində əsas çalarlar kimi Azərbaycan
bayrağının qırmızı və mavi rənglərini
seçməsini vurğulamışdır.
Topluda Üzeyir Hacıbəylinin “Arşın mal alan”
musiqili komediyasına dair bir neçə
çıxış-məruzə yer almışdır. Xalq
artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar
Fərəcovun “Üzeyir Hacıbəyli və erməni sənətçilərin
“mədəni” təcavüzü”, Əməkdar incəsənət
xadimi rejissor Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin
“Arşın mal alan” əsəri xarici ölkə
teatrlarının səhnələrində”, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent Güllü
İsmayılovanın “Üzeyir Hacıbəylinin
“Arşın mal alan” operettası əsasında çəkilən
filmin yaranma tarixi və ekran həyatı” məruzələrində
bu mövzu müxtəlif bucaqlar altında
işıqlandırılır.
Sərdar Fərəcovun “Üzeyir Hacıbəyli və
erməni sənətçilərin “mədəni” təcavüzü”
məruzəsində bir çox tarixi faktlara istinad edilir.
İlk erməni operasının məhz Ü.Hacıbəylinin
operaları erməni müəllif tərəfindən dinlənildikdən
sonra yaradılması faktının vaxtilə müəllifin
özü tərəfindən açıqlanması,
Üzeyir Hacıbəyli ilə A.Spendiarovun görüşləri
də diqqətə çatdırılır.
Hafiz Quliyevin “Üzeyir Hacıbəylinin “Arşın
mal alan” əsərinin xarici ölkə teatrlarının səhnələrində”
məruzəsində rejissorun Azərbaycan Dövlət Akademik
Opera və Balet Teatrında, Ankara Opera və Balet Teatrında,
Belarus Akademik Musiqili Teatrında, eləcə də Pekin,
Moskva, Bolqarıstanda hazırladığı tamaşalar
haqqında məlumatlar verilir.
Güllü İsmayılovanın məruzəsində
“Arşın mal alan” filminin yaranma tarixçəsinin Stalinin
hakimiyyəti dövründə müəyyən siyasi və
iqtisadi maraqlardan qaynaqlanması haqqında fikirləri də
diqqəti cəlb edir.
Azərbaycan xalq rəqslərinin, yallıların
folklorşünaslıqda məhsuldar tədqiqatçısı
kimi tanınan sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Rauf Bəhmənlinin “Üzeyir Hacıbəyli və
Müslüm Maqomayev yaradıcılığında xalq rəqslərinin
tədqiqi və istifadəsi məsələləri”
başlığı altında çıxışında
“Arşın mal alan” və eyni zamanda “O olmasın, bu olsun”
musiqili komediyalarında istifadə edilən xalq rəqslərindən
ətraflı bəhs edilir.
Topluda Ü.Hacıbəylinin “Koroğlu” operası
haqqındakı məruzələr də var. Bəstəkarlar
İttifaqının katibi Əməkdar incəsənət
xadimi, professor Zemfira Qafarovanın “Azərbaycan opera incəsənətində
“Koroğlu” ənənələri” məruzəsində
operanın səhnə tarixi, müasir zamanda TÜRKSOY-un xətti
ilə bir çox türkdilli xalqların səhnələrində
də tamaşaya qoyulması faktı açıqlanır.
Müəllif “Koroğlu”dan sonra Azərbaycan opera sənətinin
inkişafının əsas tendensiyaları haqqında ətraflı
məlumatlar vermiş, Q.Qarayevin və C.Hacıyevin “Vətən”,
C.Cahangirovun “Azad”, R.Mustafayevin “Vaqif”, F.Əmirovun “Sevil”,
F.Əlizadənin “İntizar” operasında “Koroğlu”
operasının bir sıra ənənələrinin davamı
məsələsindən söz açmışdır. O,
“İntizar” operasını yüksək dəyərləndirərək
bu fikri vurğulayır: “F.Əlizadənin “İntizar”
operası Ü.Hacıbəylinin “Koroğlu” operasının
yaradıcı şəkildə müasirliklə milliliyin birləşdiyi
XXI əsrin novator operasıdır. Bu opera son dövrdə Azərbaycanda
vətənpərvərlik və qəhrəmanlıq ruhunda
yazılan əsərlər arasında zirvədə duran bir
incidir”.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Həbibə Məmmədova məruzəsində
Ü.Hacıbəylinin “Koroğlu” və M.Maqomayevin “Şah
İsmayıl”, “Nərgiz” operalarında qəhrəmanlıq
mövzusunun təcəssüm olunmasının, opera qəhrəmanlarının
solo, ansambl səciyyəsi və ən başlıcası xor
səhnələrinin nümunələri əsasında təhlilini
aparmışdır.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor Jalə Qulamova “Koroğlu” operasının
TÜRKSOY xətti ilə səhnəyə qoyulması tarixi
haqqında ətraflı məlumatlar vermişdir.
Topluda “Koroğlu” operasına dair məqalələr
sırasında sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor Kamilə Dadaşzadənin “Koroğlu”
operasında epik koqnitiv modellərin təfsirinə dair” məqaləsi
xüsusi maraq doğurur. Müəllif Koroğlu
obrazının musiqi dilinin semantik müstəvisində eposun,
səciyyəvi modellərin araşdırılması kimi
çox mürəkkəb elmi problemə toxunmuş, onun ətraflı
izahını vermişdir. Bəstəkarın
operasının musiqi üslubunun formalaşmasında
“aşıq koloriti” yaratmaq üçün aşıq
musiqisinə xas olan şikəstə janrından (müəllif
məruzəsində bunu “döymə” adlandırır) istifadə
edilməsini təkcə IV pərdədəki aşıq
süitasında deyil, bütün opera boyu araşdıraraq,
bu məsələyə tam yeni rakursdan yanaşır.
Topluda təqdim olunan məqalələr
sırasında Ü.Hacıbəylinin elmi fəaliyyətinə
dair tanınmış mütəxəssislərin
çıxışları da geniş yer almışdır.
Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın
“Üzeyir Hacıbəylinin elmi irsi türk xalqlarının
musiqi müstəvisində” məruzəsində bəstəkarın
1919-cu ildə “İstiqlal” məcmuəsində
çıxmış “Azərbaycan türklərinin musiqisi
haqqında” yazısından ətraflı bəhs edilir və
müəllif bu yazını “Azərbaycan xalq musiqisinin əsasları”
kitabından öncə yazılmış dəyərli əsər
kimi səciyyələndirir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Ülkər Talıbzadənin “Üzeyir Hacıbəyli
şəxsiyyəti Zemfira Səfərovanın elmi
yaradıcılığında” məqaləsində isə
görkəmli alimin Ü.Hacıbəyli irsinin tədqiqinə
dair kitabları, monoqrafiyaları, tədqiqatçının
işıqlandırdığı sənədlərin
qarşılıqlı əlaqəsi problemləri ətraflı
təhlil edilmişdir. Ü.Talıbzadənin topluda nəşr
olunan digər bir məqaləsi Ü.Hacıbəylinin “Sənsiz”
və “Sevgili canan” qəzəl-romanslarının musiqi-mətn
əlaqələrində intonasiya uyğunluğu məsələlərinə
həsr olunaraq mövzunun tam yeni bir yozumudur.
Üzeyir Hacıbəylinin elmi irsinə həsr olunan
məqalələr sırasında sənətşünaslıq
üzrə fəlsəfə doktoru Sürəyya
Ağayevanın “Azərbaycan muğamlarının səs
sisteminin tədqiqi problemləri” məqaləsini də qeyd etməliyik.
Müəllif müasir musiqişünaslığın aktual
problemlərindən birinə toxunaraq, Ü.Hacıbəylinin
məqam nəzəriyyəsi məsələlərinə,
muğam pərdələri və tarın köklənməsinə
aydınlıq gətirmişdir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, professor Fəttah Xalıqzadənin “Üzeyir Hacıbəyli
yaradıcılığının etnomusiqişünaslıq
elminin inkişafında rolu” məruzəsində çox
maraqlı məsələlərə toxunulur. Müəllif
bir sıra tədqiqatçıların bəstəkar
yaradıcılığını etnomusiqişünaslıq
elminin müstəvisində öyrənilməsi ənənəsinə
istinadən Ü.Hacıbəyli
yaradıcılığını araşdırır.
Üzeyir Hacıbəylinin elmi yaradıcılıq
sahəsində fəaliyyəti topluda əhatə
olunmuşdur. Sənətşünaslıq üzrə elmlər
doktoru, dosent Leyla Zöhrabova “Ü.Hacıbəylinin Azərbaycan
xalq musiqisinin əsasları” elmi işinin Azərbaycan
musiqişünaslığının inkişafında rolu” məruzəsində
çox haqlı olaraq belə bir fikri vurğulayır: “XX əsrin
əvvəllərində Ü.Hacıbəylinin adı nəinki
bəstəkarlıq məktəbinin, eləcə də
musiqişünaslıq sənətinin əsasının
qoyulması ilə bağlıdır”.
Sənətşünaslıq üzrə elmlər
doktoru, professor Aytac Rəhimovanın “Xalq musiqisinin bərabər
temperasiya sisteminə keçməsində Üzeyir Hacıbəylinin
rolu” məqaləsində bəstəkarın böyük
tarixi vəzifəni peşəkar şəkildə həyata
keçirməsi ətraflı şəkildə
açılır.
Nəhayət, topluda yer alan maraqlı elmi-publisist
istiqamətli məqalələrdən də qısaca bəhs
etmək istərdik: AMEA-nın müxbir üzvü, sənətşünaslıq
üzrə elmlər doktoru Rəna Məmmədovanın
“Hüseynqulu Sarabski Üzeyir Hacıbəylinin
operalarının ilk tamaşalarında”, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət
işçisi Səadət Təhmirazqızının
“Üzeyir Hacıbəyli və Müslüm Maqomayev
dostluğu məktubların izi ilə”, “Üzeyir Hacıbəyli
irsinin radio və televiziyada təbliği”, L.Zöhrabovanın
“Azərbaycan bəstəkarlıq məktəbinin yaranıb
formalaşmasında Ü.Hacıbəyli və M.Maqomayevin birgə
fəaliyyəti” məqalələrində hər iki bəstəkarın,
onların həmkarlarının birlikdə keçdiyi çətin
və mürəkkəb həyat və yaradıcılıq
yolları işıqlandırılır.
S.Təhmirazqızının məqaləsini oxuyarkən
Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin həyat
sınaqları haqqında bir sözün vurğulanması
diqqətimizi cəlb etdi: bu, “fədakarlıq”
sözüdür. Doğrudan da, bu iki böyük sənətkar
fədakar şəxsiyyətlər idi. Bu gün biz
bütün musiqiçilər adından onların möhtəşəm
ruhu qarşısında baş əyirik.
Aytən Babayeva
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.7.