Milli İncəsənət
Muzeyində “Gizli və aşkar”
Mərhum rəssam Məmməd Mustafayevin sərgisi
Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Əməkdar rəssam Məmməd Mustafayevin (1948–2023) “Gizli
və aşkar” adlı fərdi sərgisi açılıb.
Muzeyin direktoru Şirin Məlikova
çıxış edərək sərgidə rəssamın
həm 60-70-ci illərin eskizlərinin, həm də həyatının
son onilliyində ərsəyə gətirdiyi əsərlərinin
ilk dəfə nümayiş edildiyini deyib. O, bu ideyanı dəstəklədiyi
üçün rəssamın oğlu İmad Mustafayevə və
sərginin qurulmasında əməyi olanlara təşəkkürünü
bildirib. Sərgidə rəssamın 30-dan çox əsərinin
nümayiş olunduğu vurğulanıb.
Tədbirdə Xalq rəssamları Səlhab Məmmədov,
Hüseyn Haqverdiyev, Bakı İncəsənət Məktəbinin
rəhbəri Rafael Gülməmmədli çıxış
ediblər.
Qeyd olunub ki, Məmməd Mustafayev
yaradıcılığında rəngkarlıq, qrafika,
assamblyaj və installyasiya obyektlərinə müraciət
edib.
Qrafika və rəngkarlığın qovuşduğu,
kollaj və qarışıq texnika ilə yaradılan monoxrom
abstrakt əsərlər, ağ və qara boyalarla işlənilmiş,
vizual formaların maraqlı eksperimenti ilə maraq doğuran rəngkarlıq
nümunələri tamaşaçını rəssamın
özünəməxsus yaradıcı təfəkkürü
ilə cəlb edir.
Sonda İmad Mustafayev çıxış edərək
atasının yaradıcılığı haqqında fikirlərini
ifadə edib, iştirakçılar və təşkilatçılara
minnətdarlığını bildirib.
Sərgi oktyabrın 24-dək davam edəcək.
1948-ci ildə Bakı səhərində anadan olan Məmməd
Mustafayev ilk sənət təhsilini Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbində alıb. Təhsilini
daha sonra indiki Azərbaycan Memarlıq və İnşaat
Universitetində və Kiyev İncəsənət
İnstitutunda davam etdirib. Respublika, ümumittifaq və beynəlxalq
miqyaslı sərgilərin iştirakçısı olub.
2002-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq
görülüb. 2023-cü ildə dünyasını dəyişib.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.5.