Moskvada Tağıyevin xatirə gecəsi
keçirilib
Moskvadakı Dövlət Şərq İncəsənəti
Muzeyində məşhur azərbaycanlı sənayeçi və
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin vəfatının
(1924) 100 illiyinə həsr olunmuş xatirə gecəsi
keçirilib.
Muzeyin direktoru tarix elmləri doktoru Aleksandr Sedov bəşər
tarixində himayədarlıq və xeyriyyəçiliyin həmişə
nəcib əməl kimi qiymətləndirildiyini qeyd edib.
Vurğulayıb ki, belə insanların xidmətləri gələcək
nəsillərə örnəkdir.
Kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov
azərbaycanlıların yaddaşında dərin iz qoymuş
Zeynalabdin Tağıyevin xeyriyyəçilik və maarifçilik
fəaliyyətindən danışıb. Bildirib ki, 1918-ci ildə
Azərbaycanda Şərqin ilk demokratik respublikasını
quran azərbaycanlı ziyalıların bir qismi
Tağıyevin maddi yardımı ilə Avropa universitetlərində
təhsil almışdı.
Mehman Məmmədov bakılı milyonçunun həyat
və fəaliyyətindən bəhs edən “Əsrlər
boyu davam edən nəciblik” kitabının təqdimatını
da keçirib.
Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyinin
müşaviri Zaur Paşayev tədbirin təşkilatçılarına
səfir Polad Bülbüloğlunun təşəkkür
sözlərini çatdırıb. Qeyd edib ki,
Tağıyevin xatirəsi Azərbaycanda ehtiramla yad edilir.
Prezident İlham Əliyevin sərəncamı ilə
Bakıda xeyriyyəçinin abidəsi qoyulub.
Şərq İncəsənəti Muzeyinin direktor
müavini İlya Zaitsev diqqətə çatdırıb ku,
Tağıyev Rusiya imperiyasında yüksək nüfuza malik
idi. O, Rusiya imperiyasında yaşayan bütün müsəlmanların,
eləcə də digər millətlərin və dinlərin
nümayəndələrinin də qayğısına
qalırdı. Mesenatın fəaliyyəti xüsusən də
Şimali Qafqaz xalqlarının maariflənməsinə
yönəlmişdi.
General Balakişi Ərəblinskinin nəslindən
olan professor Andrey Ərəblinski, jurnalist Azər Cahangirov,
Moskva Linqvistik Universitetinin İlahiyyat kafedrasının dosenti
Dimitri Safonov, həmçinin tədbirə onlayn rejimdə
qoşulan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə
Vəlixanlı böyük xeyriyyəçi haqqında fikirlərini
bölüşüblər.
Tədbirdə iştirak edən Azərbaycanın və
Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov
Şərq İncəsənəti Muzeyinə
“Xarıbülbül” əsərini hədiyyə edib.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.8.