“Qədim incəsənətin şah əsərləri”

 

Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin sərgisi

 

Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 24-də Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisinin açılışı oldu.

Məlumat verildi ki, Qırğız Respublikasının Milli Tarix Muzeyi Mərkəzi Asiyanın ən böyük muzeylərindəndir. Muzeyin zəngin kolleksiyaları arasında erkən köçəri mədəniyyəti (sak – e.ə.VIII–III əsrlər) və “Xalqların böyük köçü” dövrü (I–V əsrlər) tayfaları zəngin mədəni miras yadigar qoyublar.

Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulat xüsusilə maraq doğurur. Həmçinin Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvarı baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri bu mənada diqqətəlayiq nümunələrdəndir.

Bildirildi ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV–V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan şair-mütəfəkkir Yusif Balasaqunlu, ensiklopedist alim Mahmud Kaşğari və dünya ədəbiyyatının klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin unikal abidələrindəndir.

Həmçinin diqqətə çatdırıldı ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim dövr sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərli töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır.

Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

Sonda Qırğızıstanın tanınmış rəssamı, modelyer-dizayner Dilbər Aşımbayevanın “Nar çiçəyi” adlı milli geyim kolleksiyası təqdim edildi.

Sərgi və geyim kolleksiyası tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

Nurəddin

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.3.