Mədəniyyət xalqları daha da yaxınlaşdırır

 

Bakıda keçirilən Qırğız Mədəniyyəti Günləri buna bariz nümunədir

 

Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Azərbaycanda ilk dəfə Qırğız Mədəniyyəti Günləri keçirilir.

Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirildi.

Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində təqdim edilən Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış oldular.

Açılış mərasimində ilk olaraq qırğız rəqs kollektivinin ifasında yaradılışı simvolizə edən maraqlı kompozisiya nümayiş etdirildi.

Sonra Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov səhnəyə dəvət olundular.

Adil Kərimli qardaş ölkədən gəlmiş qonaqları və tədbir iştirakçılarını salamladı. Qeyd etdi ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “Dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafına münbit zəmin yaradıb. Dövlət başçılarımızın bu gün Bakıda keçirilən görüşləri və müxtəlif sahələrdə əməkdaşlıqla bağlı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək”.

Bildirildi ki, Azərbaycanda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına böyük maraq var. Bu gün dövlət başçılarımızın iştirakı ilə Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılışının keçirilməsi iki ölkə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinə hazırlıq görüldüyünü deyən Adil Kərimli bu tədbirlərin iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlıqda yeni səhifələrin açılmasına şərait yaradacağını vurğuladı.

Nazir Altınbek Maksutov çıxışında mədəniyyətin ata-babalarımızdan miras qaldığını dedi. Bildirdi ki, bu irsin gələcək nəsillərə ötürülməsi vacibdir: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Qırğız və Azərbaycan mədəni əlaqələrinin mövcud vəziyyəti əməkdaşlığın gələcəyinə optimist baxmağa əsas verir. Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycanın, həm də Qırğızıstanın geniş imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxınlaşdıracaq”.

Qırğız nazir çıxışının sonunda nümayəndə heyətinin səmimi qarşılanmasına və yüksək qonaqpərvərliyə görə ölkəmizə təşəkkürünü bildirdi.

Daha sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olundu.

Konsertdə Qırğızıstanın Xalq artisti Azamat Bolqonbayev, Əməkdar artistlər Samat Koçorbayev, Elnurə Muktarbekqızı, Gülzinət Surançiyeva, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının artistləri Atabek Sadırkulov və Dayana Kıdırəliyeva, həmçinin “Muras” Folklor-Etnoqrafik Ansamblı, Nurdin Tuqolov adına “Ak-Maral” Dövlət Rəqs Ansamblı, Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının Çoro Kojomjarov adına Estrada-Simfonik Orkestri və başqa ifaçılar çıxış ediblər.

Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri, “Manas”çının çıxışı,   həmçinin modelyer-dizayner Dilbər Aşımbayevanın “Nar çiçəyi” adlı milli geyim kolleksiyası alqışlarla qarşılandı.

Konsert proqramında Azərbaycan musiqisinə də yer ayrılmışdı. Qırğız ifaçıların səsləndirdiyi “Səndən nigaranam” və “Azərbaycan” mahnıları böyük coşqu ilə alqışlandı.

Qeyd edək ki, aprelin 26-da Akademik Musiqili Teatrda Qırğız Mədəniyyəti Günlərinin qala-konserti olacaq.

 

N.Məmmədli

Mədəniyyət.-  2024.- 26 aprel, ¹31-32.- S.1;3.