Azərbaycan və
qırğız ziyalılarının görüşü
Bakıda Qırğız Mədəniyyəti
Günləri çərçivəsində aprelin 25-də
Milli Kitabxanada “Azərbaycan-Qırğızıstan mədəni-humanitar
dostluq əlaqələri” mövzusunda dəyirmi masa təşkil
olundu.
Azərbaycan tərəfdən mədəniyyət
nazirinin müavini Murad Hüseynovun, Qırğızıstan tərəfdən
mədəniyyət, informasiya, idman və gənclər siyasəti
nazirinin birinci müavini Timurlan Ajimaliyevin moderatorluğu ilə
gerçəkləşən görüşdə iki ölkənin
tanınmış elm, mədəniyyət və incəsənət
xadimləri iştirak edirdilər.
Söhbət zamanı iki ölkənin milli
kitabxanaları arasında kitab mübadiləsi, kino, teatr və
mədəniyyətin digər sahələrində əməkdaşlığın
daha da dərinləşdirilməsinin əhəmiyyəti
vurğulandı.
Qırğız Diplomatlar Birliyinin sədri Janıl
Tumenbayeva bildirdi ki, qloballaşma çağında türk
xalqları olaraq mədəniyyətimizi və milli dəyərlərimizi
qorumaqla özümüzü dünyaya təbliğ etməliyik.
O həmçinin ölkəsində çoxsaylı azərbaycanlıların
yaşadığını qeyd edərək onların diaspor
təşkilatının fəaliyyətini yüksək qiymətləndirdi.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
ölkələrimiz arasında dostluq münasibətlərinin
yaranmasında Ulu öndər Heydər Əliyevin mühüm
rolundan danışdı. Bildirdi ki, Heydər Əliyev 1995-ci
ildə Bişkekdə “Manas” eposunun 1000 illik yubileyində
çıxışı zamanı türksoylu xalqları
birliyə səsləyib və bu gün Prezident İlham
Əliyev bu yolu uğurla davam etdirir.
Çingiz Aytmatov Fondunun rəhbəri Eldar Aytmatov
atasının Azərbaycana bağlığından,
buradakı dostları ilə münasibətlərindən
danışdı, xatirələrini bölüşdü.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri
Fazil Mustafa, akademiklər Kamal Abdulla, Nizami Cəfərov,
tarixçi-alim, diplomat Həsən Həsənov
çıxışlarında “Manas” dastanının Azərbaycan
xalqına “Dədə Qorqud” eposu qədər doğma
olduğunu vurğuladılar.
Qırğızıstan Milli Tarix Muzeyinin direktoru
Jıldız Başanova, T.Satılqanov adına
Qırğızıstan Milli Filarmoniyasının direktoru Xalq
artisti Kırqızbay Osmonev, Qırğızıstan Milli
Konservatoriyasının rektoru Muratbek Beqaliyev, Dövlət dili
və dil siyasəti Milli Komissiyasının sədri Melis
Murataliyev və Qırğız Respublikası Qəhrəmanı
Medetkan Şerimkulov çıxış edərək türk
xalqları ədəbiyyatı və mədəniyyətinin
qarşılıqlı təbliğinin ölkələrimizin
daha da yaxınlaşmasında müstəsna rol
oynayacağını bildirdilər.
Görüşdə Bakıda Çingiz Aytmatovun heykəlinin
qoyulmasını yüksək qiymətləndirən qonaqlar
ölkələrində görkəmli Azərbaycan bəstəkarları
Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikovun
əsərlərinin mütəmadi səsləndiyini,
“Arşın mal alan” filmi, eyni zamanda onun teatrlaşdırılmış
versiyasının qırğızlar tərəfindən
böyük sevgi ilə qarşılandığını
dedilər. Həmçinin Azərbaycanın Vətən
müharibəsində Qələbəsi,
torpaqlarımızın uzunillik işğaldan azad edilməsi,
ölkəmizin suverenliyinin tam təmin olunmasının da
qırğız ictimaiyyətinin sevincinə səbəb
olduğu diqqətə çatdırıldı.
Tədbirə qonaq qismində qatılan Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Azərbaycan
Prezidentinin təşəbbüsü ilə yaradılan və
türk xalqlarının maddi-mənəvi dəyərlərini
təbliğ edən quruma rəhbərliyindən məmnunluğunu
bildirdi, bütün türk xalqlarına sülh və əmin-amanlıq
arzuladı.
Sonda Qırğızıstan nəşrləri Azərbaycan
Milli Kitabxanasına hədiyyə olundu.
Mədəniyyət.- 2024.- 26 aprel, ¹31-32.- S.2.