Nizami Gəncəvinin “Xəmsə”sinin türkcə nəşri

2026-cı ildə başa çatacaq

 

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin dünya ədəbiyyat xəzinəsinə bəxş etdiyi “Xəmsə” (“Beşlik”) orijinaldan Türkiyə türkcəsinə tərcümə olunur. Prosesin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.

Bu barədə layihənin müəllifi, Atatürk Universitetinin (Ərzurum) Fars dili və ədəbiyyatı kafedrasının müdiri professor Nimet Yıldırım bildirib.

“Xəmsə”dən “İskəndərnamə” poemasını türk dilinə çevirən Nimet Yıldırımın sözlərinə görə, “Sirlər xəzinəsi”nin də tərcüməsi  başa çatıb və kitab çap mərhələsindədir.

“Leyli və Məcnun” poemasının türk dilinə tərcüməsi 2025-ci ildə, qalan iki poema (“Xosrov və Şirin”, “Yeddi gözəl”) isə 2026-cı ilin birinci yarısında Türkiyə ictimaiyyətinə təqdim olunacaq.

Professor vurğulayıb ki, nizamişünasların əsas vəzifəsi Nizami irsini Türk dünyasında yaymaqdır. O, Nizamini fars şairi kimi təqdim etmək cəhdlərini kökündən səhv adlandırıb. “Əsərləri farsca olan böyük türk mütəfəkkiri Mövlanəni (Cəlaləddin Rumi – red.) də səhvən fars filosofu adlandırırlar, lakin bu, mahiyyəti dəyişmir: “Bizim üçün əsas odur ki, Türk dünyasında belə parlaq şəxsiyyətlər yaşayıb və yaradıblar. Nizami, Mövlanə və başqaları təkcə Azərbaycanın və ya Türkiyənin deyil, bütün Türk dünyasının qürur mənbəyidir”.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.8.