“Türk dünyasında milli kimlik və
mədəni irs”
Bakıda türkoloji konqres
Dekabrın 2-də Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA), Türkiyənin Mədəniyyət və
Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya
Agentliyi (TİKA), Çankırı Karatekin Universitetinin
Türkologiya İnstitutu və Mukimi adına Kokand Dövlət
Pedaqoji İnstitutunun (Özbəkistan) birgə təşkilatçılığı
ilə “Türk dünyasında milli kimlik və mədəni
irs” mövzusunda III Beynəlxalq Türkoloji Konqres işə
başlayıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 1926-cı
ildə Birinci Türkoloji Qurultayın akademiyanın
böyük akt zalında keçirildiyini xatırladaraq qeyd
edib ki, həmin qurultayın iştirakçıları
türkologiyanın əsaslarını yaradıblar. Latın
qrafikasında ortaq əlifbaya keçmək haqqında qərarlar
məhz burada qəbul olunub.
Birinci Türkoloji Qurultayda iştirak etmiş görkəmli
alimlərin repressiya qurbanı olduğunu deyən AMEA rəhbəri
onların ideyalarının sönmədiyini diqqətə
çatdırıb: “98 il sonra biz burada konfransı keçirərkən
iftixar hissi ilə demək istəyirəm ki, bu ilin
sentyabrında Bakıda Beynəlxalq Türk
Akademiyasının təşkilatçılığı ilə
keçirilən mərasimdə 34 hərfdən ibarət
latın əlifbası təsdiq edildi”.
İsa Həbibbəyli 2026-cı ildə Birinci
Türkoloji Qurultayın 100 illiyinin türk dövlətlərinin
geniş tərkibdə iştirakı ilə qeyd edilməsinin
nəzərdə tutulduğunu bildirib: “Biz alimlərin borcu
böyük türk ailəsini elmi cəhətdən dərindən
öyrənmək, ortaq layihələr işləmək,
xalqlarımıza türk birliyinin əhəmiyyətini
çatdırmaqdan ibarətdir”.
Konqresin materiallarının çap olunduğunu bildirən
akademik kitabda Türk dünyasından 100-ə yaxın alimin məqaləsinin
yer aldığını söyləyib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit
Bağçı çıxışında qeyd edib ki,
hazırda Türkiyədə fəaliyyət göstərən
208 universitetin yarısından çoxunda türkologiyaya dair tədqiqatlar
aparılır. Türkiyə Elmlər Akademiyasının
(TÜBA), TÜBİTAK-ın və TİKA-nın dəstəyi
ilə Türk dünyasına dair önəmli layihələr
həyata keçirilir, hər sahədə tədqiqatlar
aparılır.
Özbəkistanın Azərbaycandakı səfiri
Bahrom Aşrafxanov Türk dünyasının birliyinə xidmət
edən III Beynəlxalq Türkoloji Konqresin əhəmiyyətini
vurğulayıb.
Milli Məclisin deputatı Elnarə Akimova, Qarabağ
Universitetinin rektoru dosent Şahin Bayramov, TİKA-nın Orta
Asiya və Qafqaz şöbəsinin rəhbəri Ali
Özgün Öztürk, Çankırı Karatekin
Universitetinin Türkiyə Araşdırmalar İnstitutunun
direktoru professor Abdulselam Arvas, Hacettepe Universitetinin professoru
Özkul Çobanoğlu, Özbəkistanın Kokand Dövlət
Pedaqoji İnstitutunun prorektoru Niqora Kadirova, Əl-Fərabi
adına Qazax Milli Universitetinin professoru Anarbay Buldıbay,
Qırğızıstan Milli Elmlər Akademiyasının
professoru Nur Saralayeva və başqaları
çıxış ediblər.
Çıxışlardan sonra qonaqlara Mahmud
Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin
repressiya qurbanı, özbəkəsilli türkoloq Xalid Səid
Xocayevə məxsus latın qrafikalı ilk tərcümə əlyazmasının
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən
nəşr olunmuş cildləri hədiyyə edilib.
Türkoloji konqres işini AMEA-nın Mərkəzi
Elmi Kitabxanasında bölmə iclasları ilə davam etdirib.
Konqres dekabrın 3-də başa çatıb.
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.3.