“Oğlum son nəfəsini
verənədək Allahdan mənə səbir diləyib...”
Şəhidlər qanları, canları ilə tarix
yazdılar. Torpağa düşən hər bir damla qan bir
millətin sabahına işıq oldu. Bəlkə də,
çoxumuz onların son dəfə sevdiklərinə necə
sarıldıqlarını heç təsəvvürə belə
gətirə bilmirik... Ancaq məlum olan bir şey var ki, hər
bir şəhidin qəlbindəki qəhrəmanlıq atəşi
azad etdikləri torpaqlarımızda atdıqları ilk
addımlarda parladı...
“Vətən fədailəri” rubrikasında bu dəfə
şəhid İslam Dünyamalıyevdən söz
açacağıq.
İslam Teymur oğlu Dünyamalıyev 2004-cü il
iyunun 25-də Kürdəmir rayonunun Muradxan kəndində
anadan olub. Məmiş Abdullayev adına Muradxan kənd tam orta
məktəbini bitirdikdən sonra əsgərliyə gedib.
2023-cü ilin 19-20 sentyabr tarixlərində
düşməni doğma yurdumuzdan tamamilə təmizləmək,
uzun illərdir Qarabağda kök salmış erməni
separatizminin axırına çıxmaq məqsədilə
müzəffər Ordumuz tərəfindən lokal xarakterli
antiterror əməliyyatı həyata keçirildi. İslam
da bu şərəfli missiyada iştirak etdi, Ağdərə
rayonunun Sırxavənd kəndində şəhidlik zirvəsinə
yüksəldi.
Doğulduğu Muradxan kənd qəbiristanlığında
torpağa tapşırılan İslam Dünyamalıyev
ölümündən sonra ölkə
başçısının müvafiq sərəncamları
ilə 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni və “Vətən uğrunda” medalı ilə
təltif edilib.
Anası Gülşən Dünyamalıyeva
İslamı və digər oğlunu çətinliklərlə
böyütdüyünü deyir: “İslamın atası
Teymur Dünyamalıyev şəhid balamın 6 yaşı
olanda ürək çatışmazlığından
dünyasını dəyişdi. İslamı və digər
oğlum Həsəni öz zəhmətimlə
böyütmüşəm. Həsən İslamdan 7 yaş
böyük idi. O, 2016-cı ilin Aprel döyüşlərində
iştirak edərək böyük şücaət göstərmişdi”.
Gülşən ana İslamla sonuncu dəfə
2023-cü il sentyabrın 14-də əlaqə
saxladığını deyir: “Sonuncu
danışığımızda mənə “Ana, biz qəhrəman
olmağa gedəcəyik. Əgər qismət olsa,
sağ-salamat gələrəm. Amma şəhid olsam,
ağlama, Vətən sağ olsun!” dedi. Mənimlə və
qardaşıyla halallaşdı. Döyüşlər
zamanı İslam qolundan yaralansa da, sonadək qəhrəmancasına
döyüşərək şəhadət şərbətini
içdi. Silah yoldaşlarının dediyinə görə
oğlum son nəfəsini verənədək uca Allahdan mənə
səbir diləyib...”.
Şəhidin qardaşı Həsən bildirir ki,
İslam ondan yaşda kiçik olsa da, ona ata deyə müraciət
edirmiş: “2014-cü ildə mən hərbi xidmətə gedəndə
anamı İslama əmanət etdim. Onun yaşı az olsa da,
kənddə işləyib anama köməklik edirdi. Hətta
mən Aprel döyüşlərində olanda anamın
göz yaşlarına dözməyib ona deyib ki, qoy
böyüyüb əsgər gedim, qardaşımı incidənlərin
cəzasını verəcəyəm. Bizim evimiz yox idi.
Əsgərlikdən qayıdandan sonra İslamla əl-ələ
verib ev tikdik. İslam həmişə deyirdi ki, anamı elə
yaşadacağam ki... Mən həmişə qardaşımla
fəxr edirdim, indi lap çox fəxr edirəm. İslam bizim
başımızı ucalardan uca elədi...”.
Şəhidin bibisi oğlu Asif Musayev İslamın
anasına çox bağlı olduğunu deyir: “Ona demişdim
ki, gəlsin mənimlə birgə işləyək. İslam
anasına çox bağlı olduğu üçün
deyirdi ki, mən sizdə qalsam, anam bəs necə olacaq?
Əsgərlikdə olan zaman İslamın yanına tez-tez
gedirdim. Ətraflı hal-əhval tuta bilmirdim. Elə bil şəhid
olacağını hiss etmişdi. Deyirdi ki, mənə nəsə
olsa, anam nə edəcək? Allah bütün şəhidlərimizə
rəhmət eləsin...”.
Ruhu şad olsun.
Nurəddin
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.6.