“Füzuli sənətkarlığı” İordaniyada ərəb dilində çap olunub

 

 

Görkəmli yazıçı, ədəbiyyatşünas, professor Mir Cəlalın dahi Azərbaycan şairi Məhəmməd Füzuli (1494–1556) irsindən bəhs edən “Füzuli sənətkarlığı” kitabı İordaniyada ərəb dilində işıq üzü görüb.

Şairin 530 illik yubileyinə töhfə olaraq ərsəyə gətirilmiş kitabın ön söz müəllifi iordaniyalı yazıçı və ədəbiyyatşünas Samih əl-Məhariq, ərəb dilinə tərcüməçisi Fərid Camalovdur.

“Əl-Əzminə” nəşriyyatında nəfis tərtibatda çap edilən kitab İordaniyanın mərkəzi kitabxanalarına, universitet və kitab evlərinə paylanılacaq.

Qeyd edək ki, Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi namizədlik dissertasiyasını 1958-ci ildə genişləndirərək “Füzuli sənətkarlığı” adı altında monoqrafiya kimi nəşr etdirib.

Monoqrafiya 2023-cü ildə alman dilində də çap olunub.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.5.