Kino salnaməmizdə
izi qalanlar: TOFİQ TAĞIZADƏ
Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə
milli dəyərlərin
sıxışdırıldığı bir dövrdə sənətə
gəlib və dolğun yaradıcılıq fəaliyyəti
ilə kinomuza yeni nəfəs bəxş edib. Eyni zamanda
dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən
yaradıcı şəkildə bəhrələnib. Sənətkarı
anadan olmasının 105 illiyi münasibətilə xatırlayırıq.
Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-cu
ildə Bakının Keşlə qəsəbəsində
müəllim ailəsində dünyaya göz açıb.
Şəhər mühiti onda erkən çağlardan kino,
teatr və musiqiyə dərin maraq doğurur. Orta məktəbi
bitirib Energetika Texnikumuna qəbul olunur. Paralel olaraq musiqi məktəbində
də oxuyur. 1938-ci ildə indiki Azərbaycan Dövlət Neft
və Sənaye Universitetinin Energetika fakültəsində təhsil
almağa başlayır. Üçüncü kursda oxuyarkən
II Dünya müharibəsi başlayır. Həmyaşıdları
kimi ordu sıralarına yazılır. Rostov
yaxınlığında gedən ağır
döyüşlərin birində yaralanır və arxa cəbhəyə
göndərilir.
Müharibə başa çatdıqdan sonra Vətənə
qayıdan Tofiq Tağızadə Moskvada Kinematoqrafiya
İnstitutunun Kinorejissorluq fakültəsində təhsilini
davam etdirir.
Məzun olduqdan sonra təyinatla “Mosfilm”
kinostudiyasında fəaliyyətə başlayır. Bir
müddət Moskvada çalışdıqdan sonra öz
arzusu ilə Bakıya qayıdır və C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında işə düzəlir.
Tofiq Tağızadə gəlişi ilə milli kino
tariximizdə yeni səhifələr açır. 1955-ci ildə
çəkdiyi “Görüş” filmi ilə Azərbaycan
kinosuna yeni üslub gətirir. “Görüş” filmi
böyük maraqla qarşılanır. Ekran əsərinin
mövzusu sevgi, sovet rejiminin əməyə
çağırışı və bir-biri ilə
yarışan Azərbaycan və Özbəkistan pambıqçılarının
ənənəvi dostluğunu əhatə edir. Filmin mərkəzində
iki gəncin – özbək qızı Lala ilə azərbaycanlı
Kamilin saf məhəbbəti durur. Rejissor “Görüş”də
milli-mənəvi dəyərlərə geniş yer
ayırıb. Həyatda tez-tez rast gəlinən problemləri
ekrana gətirib. Bu problemlərin ekran həlli
tamaşaçını həm düşündürür,
həm də güldürür.
Ancaq mətbuatda dərc olunan rəylərdə filmə
münasibət birmənalı olmur. Buna cavab olaraq rejissor
müsahibələrinin birində deyir: “Görüş” bədii
filmi həmin dövrlə bağlı yadımıza çox
şey salır. Film Moskvada ali kino institutunu bitirib Bakıya
qayıdandan sonra çəkdiyim ilk film oldu. Janrına görə
kinokomediyadır. Burada komik aktyorların olması vacib idi. Məncə,
filmdə aktyor seçimində səhv etməmişəm”.
Bu uğuru onu həmişəlik kino sənətinə
bağlayır. O, “Uzaq sahillərdə” (1958), bir il sonra lentə
aldığı “Əsl dost” filmləri ilə milli kinomuza
yeni nəfəs verir.
“Uzaq sahillərdə”
filmi ekranlara çıxdığın ilk gündən
böyük maraqla qarşılanır. Mehdi Hüseynzadənin
bacısı Bikə xanım filmə baxandan sonra belə
deyib: “Filmə baxarkən qardaşımın uzaq ellərdə
çəkdiyi əziyyəti, od-alov içində necə
vuruşduğunu görürəm. Şirin söhbəti və
mehriban gülüşü ilə evimizi bəzəyən
qardaşımı sanki heç ölməmiş kimi
gördüm. Az qala onu yenə bağrıma basıb öpəcək,
evimizə aparacaqdım”.
Görkəmli rejissor ömrünün 40 ilə
yaxın bir dövrünü kinoya həsr edib. Çəkdiyi
filmlərdə Azərbaycanın tarixi, mədəniyyəti və
məişəti sənətkarlıqla əksini tapır.
“Mən ki gözəl deyildim” (1969) filmi II Dünya
müharibəsi illərində xalqımızın
keçdiyi çətin həyat yolundan bəhs edir. Filmdə
tamaşaçı iki gəncin sərt müharibə
qanunları qarşısında yaşamaq mübarizəsini görür.
Rejissor filmin qəhrəmanları Səidə və Məzahirin
timsalında müharibə dövrü gənclərinin
ümumiləşmiş obrazını yaradıb.
Rejissorun “Dədə Qorqud” dastanının motivləri
əsasında Xalq yazıçısı Anarın ssenarisi ilə
1975-ci ildə çəkdiyi film Türk dünyasının ortaq
mədəniyyət abidəsi olan folklor nümunəsindəki
mədəni zənginliklər tamaşaçıya
çatdırılır.
Tofiq Tağızadənin “Yeddi oğul istərəm”
(1970) filmi də diqqətəlayiq nümunələrdəndir.
Filmdə dövrün siyasi mənzərəsi arxa planda
qalır. Rejissor hadisələrə başqa yön verir. Gəray
bəy, Bəxtiyar, Cəlal və digər obrazların gərgin
münaqişə fonunda səhnə təcəssümünü
yaradır.
Görkəmli rejissor Cəlil Məmmədquluzadənin
yaradıcılığına da maraq göstərir.
“Ölülər” tragikomediyası üçün ssenari də
yazır. Ancaq onu reallaşdırmağa imkan olmur. Nəhayət,
1991-ci ildə istəyinə nail olur, “O dünyadan salam” filmini
çəkir.
Rejissor müxtəlif illərdə “Mateo Falkone”,
“Arşın mal alan” (1965), “Babamızın babasının
babası”, “Bağ mövsümü”, “Qızıl qaz”, “Zirzəmi”,
“Köpək” və digər ekran əsərləri ilə kino tariximizi zənginləşdirib.
Tofiq Tağızadənin Azərbaycan kinosunun
inkişafında xidmətləri yüksək qiymətləndirilib.
1964-cü ildə “Əməkdar incəsənət xadimi”,
1976-cı ildə “Xalq artisti” fəxri adlarına layiq
görülüb. Ömrünün müdrik
çağlarında xüsusi studiya yaradan rejissor istedadlı
sənət dostlarını ətrafına toplayır, yeni
layihələr ortaya qoymaq istəyirdi. Ömrü vəfa etməyib...
Tofiq Tağızadə 27 avqust 1998-ci ildə, 79
yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.
Kino salnaməmizdə parlaq iz qoymuş sənətkarın 100
illik yubileyi 2019-cu ildə dövlət səviyyəsində
qeyd edilib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.6.