Mstislav Rostropoviçlə Alfred Şnitkeni nə birləşdirirdi?

 

XX əsrin ən məşhur və ən çox ifa olunan bəstəkarlarından biri də Alfred Şnitkedir. O, 24 noyabr 1934-cü ildə Rusiyanın Saratov vilayətinin Engels şəhərində anadan olub.

Alman-yəhudi əsilli bəstəkar “Həkim Yohanna Faustun hekayəsi”, “Axmaqla həyat”, “Gezualdo”, “On birinci əmr” operalarının, “Per Gyunt”, “Labirintlər”, “Eskizlər” baletlərinin, digər janrlarda əsərlərin müəllifidir. Filmlərə və teatr tamaşalarına musiqi yazıb.

O dövrün ən yaxşı ifaçıları A.Şnitkedən əsər almaq üçün növbəyə dayanırdılar. Amma heç də hər kəs buna nail ola bilmirdi.

Dahi musiqiçilər Alfred Şnitke və Mstislav Rostropoviçi təkcə birgə iş deyil, həmçinin möhkəm dostluq əlaqələri birləşdirirdi. Onları 1987-ci ildə violonçelçi Yuri Başmet tanış etmişdi. M.Rostropoviç o zaman Amerikada yaşayırdı və Vaşinqton orkestrinə rəhbərlik edirdi. Bir dəfə Y.Başmet dahi violonçelçini öz ifasında A.Şnitkenin “Orkestrlə alt üçün konsert” əsərinə qulaq asdırır. Musiqini eşidən M.Rostropoviçin gözləri yaşarır. O, A.Şnitkenin onun üçün də nəsə yazmağını istəyirdi, amma bunu bəstəkardan necə istədiyini bilmirdi. Çünki onlar tanış deyildilər. Y.Başmet M.Rostropoviçə bəstəkara məktubla müraciət etməyi təklif edir. M.Rostropoviç belə də edir. O yazır: “Mənim yaxın günlərdə 60 yaşım oldu və mən bilmirəm daha nə qədər violonçeldə ifa edə biləcəyəm. Ona görə də məni növbəyə salmayın. Mənim üçün nə istəyirsinizsə yazın. Mən opera xəyal edirəm və bu arzumu əlimdən almayın. Onu neçə ilə istəyirsinizsə yazın”. Beləliklə, M.Rostropoviç A.Şnitkeyə rəsmi sifariş verir və ona məşhur xarici bəstəkarlara ödənən ən yüksək qonorarı təklif edir. Bəstəkar onun sifarişini yerinə yetirir. Hətta sifarişi üstələyir. Belə ki, A.Şnitke M.Rostropoviç üçün “II violonçel konserti”ni, “II violonçel sonatası”nı, “Axmaqla həyat” və “Gezualdo” operalarını, həmçinin “Altıncı simfoniya”nı yazır. Bəstəkar xüsusi olaraq M.Rostropoviç üçün özünün “Per Gyunt” baletinin epiloquna əlavələr edir.

A.Şnitke “Gezualdo” operasını 1993-cü ildə yazıb. Əsərin premyerası 1995-ci ildə Vyana Operasında M.Rostropoviçin dirijorluğu ilə baş tutub. “Axmaqla həyat” operasını bəstəkar 1991-ci ildə M.Rostropoviçin ideyası ilə yazıb. Opera ilk dəfə 1992-ci ilin 13 aprel tarixində Rostropoviçin dirijorluğu ilə Amsterdam Opera və Balet Teatrında səsləndirilib.

Bəstəkar “Altıncı simfoniya”sını 1992-ci ildə M.Rostropoviç üçün yazıb. Əsər 1993-cü ilin sentyabrında Moskva Konservatoriyasının böyük zalında M.Rostropoviçin dirijorluğu ilə Vaşinqton Milli Simfonik Orkestrinin ifasında səsləndirilib. Möhtəşəm ifadan sonra A.Şnitke səhnəyə çıxaraq maestronu təbrik edib.

Dahi violonçelçinin ifası A.Şnitkeni heyran edirdi. Bəstəkar o günlərdən belə danışırdı: “Mən Rostropoviçin ifa tərzinin məşqdən-məşqə necə yüksəldiyini xatırlayıram. Axı mən “II violonçel konserti” əsərini yazanda heç düşünməmişdim bunu violonçeldə ifa etmək əlverişli olacaq, ya yox. Nəticədə o bütün əsəri öyrəndi. Biz eyni mərtəbədə yaşayırdıq və həmişə onun necə məşq etdiyini eşidirdik. O deyirdi ki, texniki cəhətdən daha mürəkkəb olan başqa heç bir şey ifa etməyib”.

M.Rostropoviç isə bu haqda deyirdi: “Şnitkenin musiqisində bütün həyatımız əks olunur. Həyatın sevinci, dissonansları, rəngarəngliyi, faciəsi. Biz Şnitkeyə görə yaşayırıq”.

Violonçelçidən Şnitkenin “II violonçel konserti” ilə digər ifa etdiyi əsərlər arasındakı fərq barədə soruşanda, o, qısaca demişdi: “Aşiqəm, aşiqəm... Müqayisə etməli heç bir şey yoxdur”.

A.Şnitke 1998-ci il avqustun 3-də Almaniyanın Hamburq şəhərində dünyasını dəyişib, Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn edilib.

 

R.Həsənova

L.və M.Rostropoviçlərin Ev-Muzeyinin elmi işçisi

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.5.