Avropadakı mədəniyyət mərkəzlərimizdə

 

Vyanada Füzulinin yubileyi, Berlində caz konserti, Parisdə sərgi

 

Avstriyanın paytaxtı Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) “Qəlbimdəki şair” (“Der Poet in mir”) adlı ədəbi-musiqili tədbir keçirilib. Tədbir dahi Azərbaycan şairi Məhəmməd Füzulinin (1494–1556) 530 illiyinə həsr olunub.

AMM-in rəhbəri Leyla Qasımova çıxışında bildirib ki, Azərbaycan klassik poeziyasının mükəmməl nümunələrini yaradan Füzuli özündən sonra zəngin irs, ədəbi məktəb qoyub. Böyük bəstəkarımız Üzeyir Hacıbəyli müsəlman Şərqində ilk operanı Füzulinin “Leyli və Məcnun“ poemasının əsasında yaradıb. L.Qasımova onu da diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dahi şairin 530 illiyi Azərbaycanda və müxtəlif ölkələrdə qeyd edilir.

Sonra Tural İsmayılovun rəhbəri olduğu “Anima Şirvani” ansamblı konsert proqramı ilə çıxış edib. Konsertdə Azərbaycan muğamı və xalq mahnıları klassik alman və ingilis barokko musiqisi ilə vəhdətdə təqdim olunub, həmçinin Füzulinin şeirləri qiraət edilib.

***

Almaniyadakı səfirliyimizin təşkilatçılığı ilə Berlindəki AMM-də tanınmış caz musiqiçisi İsfar Sarabskinin rəhbərlik etdiyi kvartetin ifasında “Şimalda Xəzər küləyi: Azərbaycan cazı Berlində” adlı konsert proqramı keçirilib.

Səfir Nəsimi Ağayev Azərbaycanda caz musiqisinin inkişafı barədə qısa məlumat verib. Qeyd olunub ki, Azərbaycan cazı 1950-ci illərdə Bakıda – əsrlər boyu müxtəlif mədəniyyətlərin və adət-ənənələrin görüş yeri olmuş şəhərdə yaranmış füsunkar üslubdur. Vurğulanıb ki, İsfar Sarabski bu ənənəni uğurla davam etdirir, Azərbaycan muğamının mürəkkəb sədalarını cazın sonsuz imkanları ilə “toxuyaraq” bu musiqiyə yeni çalarlar qazandırır.

İsfar Sarabski və kvartetin üzvləri – Bəhruz Zeynal (tar), Makar Novikov (kontrabas) və Aleksandr Maşinin (zərb aləti) rəngarəng ifaları tamaşaçılara xoş ovqat yaşadıb, alqışlarla qarşılanıb.

***

Parisdəki AMM-də isə “Dayanıqlı baxış: daha yaşıl gələcək naminə incəsənət” adlı sərgi təşkil edilib.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasından danışıb. Bildirib ki, səfirliyin təşkil etdiyi sərginin də məqsədi Azərbaycanın davamlı gələcəyə sadiqliyini vurğulamaqdır. Təqdim olunan əsərlər Azərbaycanın zəngin mədəni irsindən və müxtəlif təbiət mənzərələrindən ilhamlanaraq yaradılıb.

Rəssamlar Xanlar Əsədullayev və Çinarə Bakşiyeva-Qafarova bildiriblər ki, sərgidəki əsərlər insanın təbiətlə harmoniya içində yaşamasının mümkünlüyünü və vacibliyini vurğulayır. İqlim dəyişikliyi bütün dünyaya təsir edən bir çağırışdır. Qeyd olunub ki, bu yaxınlarda Bakıda keçirilən COP29 da bu mübarizədə qlobal həmrəyliyin zəruriliyini xatırladır.

Sərgidə Xalq rəssamı Sakit Məmmədovun, eləcə də Xanlar Əsədullayev, Aqşi Kazımova, Nihad Ağazadə, Çinarə Bakşiyeva-Qafarova, Mahir Qafarov, Aynur Məmmədova və Məryəm Abdullanın əsərləri nümayiş olunub.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.8.