Əlilliyi olanların yaradıcılıq sərgi-müsabiqəsi

 

Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinə yekun vurulub. 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi müsabiqənin qalibləri Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində təşkil olunan mərasimdə təltif olunublar.

Mükafatları qaliblərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Xalq rəssamı Fuad Salayev, münsiflər heyətinin sədri, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov və başqaları təqdim ediblər.

Qeyd olunub ki, ənənə halını alan ümumrespublika səviyyəli yaradıcılıq sərgi-müsabiqəsinin təşkili əlilliyi olan şəxslərə diqqət və qayğının daha bir nümunəsi olmaqla, onların yaradıcılıq potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması məqsədi daşıyır.

Sərgi-müsabiqəyə Bakı və bölgələr üzrə 195 nəfərin ümumilikdə 2500-dək əl işi təqdim edilib. Onların arasında rəsm, bədii oyma, bədii tikmə əsərləri, xalça və xalçaçılıq məmulatları, toxuma, metal və daş üzərində işlər və s. var.

Yaradıcılıq nümunələri münsiflər heyəti tərəfindən 11 nominasiya üzrə qiymətləndirilib. Hər nominasiyada I, II, III yerləri tutan iştirakçılara – ümumilikdə 33 nəfərə diplom və mükafatlar, sərgi-müsabiqənin digər iştirakçılarına həvəsləndirici mükafatlar və təşəkkürnamələr təqdim olunub.

Əl işlərinin satış-sərgisi dekabrın 6-dək Azərbaycan Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində davam edəcək.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(№89-90).- S.2.