Resurslar və mədəniyyət: arxeologiyadan yeni texnologiyaya

 

Milli Xalça Muzeyində beynəlxalq konfrans

 

Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq konfrans işə başlayıb.

Konfrans “Birlik irsi. Gələcək üçün ənənələr” proqramı çərçivəsində Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir.

Beynəlxalq tədbirə Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın muzey direktorları, sahə üzrə mütəxəssisləri qatılıblar.

Əvvəlcə tədbir iştirakçıları Milli Xalça Muzeyi ilə tanış olublar.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova və Ümumrusiya Dekorativ Sənəti Muzeyinin direktoru Yelena Titova beynəlxalq konfransın işinə uğurlar arzulayıblar.

Bildirilib ki, dekabrın 5-dək davam edəcək konfrans günlərində mövzuya uyğun məruzələr dinləniləcək. Konfrans iştirakçıları təbii resursların müxtəlif xalqlar tərəfindən öyrənilməsi yollarını, bu prosesin xalq yaradıcılığı və peşəkar sənətkarlıqda, müasir rəssamların işlərində əksini, MDB ölkələri muzeylərinin biznes strukturlarının nümayəndələri və gənc kadrlarla işbirliyini müzakirə edəcəklər. Həmçinin muzey idarəçiliyi və rəqəmsallaşdırma sahəsində tətbiq olunan yeniliklər təqdim olunacaq.

Hər iki muzeyin direktorları bir-birinə xatirə hədiyyəsi bağışlayıblar.

Sonra konfrans “MDB məkanında muzeylərarası əməkdaşlıq” mövzusunda akademik sessiya ilə işini davam etdirib. “Birlik irsi. Gələcək üçün ənənələr” planşet sərgisi təqdim olunub.

Konfransın növbəti akademik sessiyaları “Muzey və insanlar”, “Muzey və informasiya resursları”, “Təbiət və ənənələr ilham mənbəyi kimi”, “Avrasiya mədəniyyətlərinin ən qədim əsasları: arxetiplər, simvolizm, arxeoloji artefaktlar”, “MDB xalqlarının dekorativ sənəti”, “Müasir muzeyin ənənələrin qorunmasında rolu” kimi mövzuları əhatə edir.

Konfrans çərçivəsində mədəni proqram da nəzərdə tutulub.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.3.