“Dəyişən dünyada mədəniyyətlərin dialoqu”

 

ADU-da beynəlxalq forum

 

2–5 dekabr tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) “Rus Dünyası” Fondu (RF), Bakıdakı Rus Evi, Voronej Dövlət Universiteti ilə birgə “Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum keçirilir.

ADU-nun rektoru akademik Kamal Abdulla açılış nitqində qeyd edib ki, Azərbaycan və Rusiya arasında əlaqələr dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində qurulub. Təhsil, elm və mədəniyyət sahələri xalqlarımızı bir-birinə yaxınlaşdıran güclü vasitələrdir. Azərbaycanın tarixən müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olduğunu vurğulayan akademik ölkəmizin mədəni irsinin və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin əhəmiyyətini qeyd edib, tədbir iştirakçılarına səmərəli müzakirələr arzulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov müasir dövrdə mədəniyyətlərarası dialoqun vacibliyi haqqında fikirlərini bölüşüb. Bildirib ki, ölkələrimiz arasında münasibətlər mədəniyyət, təhsil və humanitar sahələrdə də dərin köklərə malikdir. Diplomat forumun bu xüsusda əməkdaşlıq üçün yeni zəmin yaradacağına əminliyini ifadə edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu deyib: “Mən həm diplomat, həm də mədəniyyət xadimi kimi, həmişə inanmışam ki, mədəniyyət vasitəsilə qarşılıqlı anlayışı, sülhü təşviq etmək mümkündür. Azərbaycanın Rusiyadakı səfiri olduğum müddətdə bu prinsiplərə sadiq qalaraq iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsi üçün bir çox layihələrə dəstək verdik”. Qeyd olunub ki, Azərbaycanla Rusiya arasında humanitar sahədə xüsusi münasibətlər var. Ölkəmizdə rus dili və mədəniyyəti qorunub saxlanılıb, rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Azərbaycanlı gənclərin rus dilinə və ədəbiyyatına marağı artır.

Mədəniyyətlərarası əməkdaşlığın siyasi və sosial aspektlərinə toxunan Milli Məclisin üzvü Sevinc Fətəliyeva da forumun əhəmiyyətini vurğulayıb.

Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov qeyd edib ki, dəyişən dünyada fərqli mədəniyyətlərin bir-birini anlaması və qarşılıqlı dialoq qurması yalnız xalqlar arasında sülhün qorunması üçün deyil, həm də elmi və mədəni tərəqqi üçün mühüm əhəmiyyət kəsb edir. “Məhz buna görə də belə forumlar tez-tez keçirilməlidir, çünki bu cür tədbirlər ölkələrimiz arasında mədəni mübadiləni təşviq edir. Mədəni mübadilə lazımdır, bu, hamımızı zənginləşdirir”.

Voronej Dövlət Universitetinin prorektoru Yuri Bubnov Rusiya-Azərbaycan təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarından danışıb. Bildirilib ki, Azərbaycan və Rusiya universitetləri arasında mövcud əməkdaşlıq təkcə elm və təhsil sahələrini deyil, eyni zamanda mədəni əlaqələri də möhkəmləndirir.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Aleksey Qromıko və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Mark Entin müasir dövrdə müxtəlif xalqların birgə yaşama mədəniyyətinin gücləndirilməsinin qlobal əhəmiyyətindən söz açıblar. Azərbaycan və Rusiya arasında əlaqələrin inkişafında mədəniyyətin vacib rolu vurğulanıb.

Forum işini bölmə iclasları ilə davam etdirib.

“Dəyişən dünyada mədəniyyətlərin dialoqu” adlı beynəlxalq forum dekabrın 5-də işini yekunlaşdıracaq.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.3.