Bəstəkar Süleyman Ələsgərovun 100 illiyi münasibətilə

 

Biblioqrafiya və not məcmuəsinin təqdimatı

 

Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə layihəsi olan “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından növbəti nəşr – “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabı işıq üzü görüb. Biblioqrafiya bu il anadan olmasının 100 ili tamam olan bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) həyat və yaradıcılığını əhatə edir.

Noyabrın 29-da Milli Kitabxanada biblioqrafik nəşrin, eləcə də “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq bəstəkarın ömür yolundan və zəngin yaradıcılığından danışıb. Süleyman Ələsgərov kimi görkəmli sənətkarların heç vaxt unudulmayacağı, yaratdığı əsərlərlə ölməzlik qazandığı vurğulanıb.

Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov çıxışında Süleyman Ələsgərovun Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olduğunu qeyd edib. Bildirib ki, yaradıcılığında dahi bəstəkar Üzeyir Hacıbəylidən bəhrələnən Süleyman Ələsgərovun “Bahadır və Sona” operası Azərbaycan musiqisinin incilərindən biridir.

“Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının görkəmli bəstəkarı daha yaxından tanımaq üçün ən yaxşı mənbə olduğunu deyən akademik bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru professor Nazim Kazımov, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru professor Gülnaz Abdullazadə, Xalq artistləri Faiq Sücəddinov, Sərdar Fərəcov, Ağaverdi Paşayev və başqaları Süleyman Ələsgərovun çoxşaxəli fəaliyyətindən, yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən, doğma Şuşaya sonsuz sevgisindən, xeyirxahlığı və tələbələrə qayğısından bəhs ediblər.

Bəstəkarın nəvəsi Əməkdar artist Tahir İmanov ailələri adından ölkə başçısına Süleyman Ələsgərovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncama görə təşəkkürünü bildirib. Süleyman Ələsgərovun 100 illiyinin doğma yurdu Şuşada da qeyd olunduğu xüsusi vurğulanıb.

Qeyd edək ki, “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının tərtibçisi Mətanət İbrahimova, elmi redaktoru professor Kərim Tahirov, ön söz müəllifləri akademik Rafael Hüseynov, Xalq artisti Siyavuş Kərimi, redaktoru Xeyransa Abbasovadır.

1945–2024-cü illəri əhatə edən biblioqrafiyada bəstəkarın əsərləri, həyat və yaradıcılığı haqqında zəngin material əhatə olunub.

Biblioqrafiya ilə Milli Kitabxananın saytında müvafiq linkdə tanış olmaq olar.

“Milli musiqi xəzinəmizdən” seriyası ilə çap olunan “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin layihə rəhbəri professor Kərim Tahirov, tərtibçisi Mətanət İbrahimova, redaktoru Sərdar Fərəcovdur.

 

Mədəniyyət .- 2024.- 4 dekabr(¹89-90).- S.5.