Sevgi varsa, əngəl yoxdur...

 

Hər il 3 dekabr dünyada Əlillər Günü kimi qeyd olunur. BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunan günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır.

Bu münasibətlə yerlərdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

***

Sumqayıtdakı Əli Kərim adına Poeziya evində Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzi, Cəfər Cabbarlı adına Mədəniyyət evi və 6 saylı Folklor klubunun birgə təşkilatçılığı ilə “Ümid və dəstək görüşü” adlı tədbir keçirilib.

Əlilliyi olan şəxslər və onlara xidmət göstərən təşkilatların əməkdaşları, mədəniyyət işçilərinin qatıldığı tədbirdə bu gün haqqında məlumat verilib.

Sonra konsert proqramı olub. Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin şagirdlərinin rəsmlərindən ibarət sərgiyə baxış da keçirilib.

 

***

Siyəzən rayon Mərkəzi Kitabxanası və “Sosial Dayaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Siyəzən rayonundakı “Madaqaskar” uşaq əyləncə mərkəzində keçirilən tədbirdə qeyd olunub ki, ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlilliyi olan şəxslərə də dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bu kateqoriyadan olan insanların yanında olmaq, onlara sevinc bəxş etmək hər bir insan üçün ən ülvi hissdir.

***

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və Şirvan Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunan tədbirlər keçirilib. Tədbirlərdə fiziki məhdudiyyətli şəxslərin əl işləri nümayiş olunub.

Salyan rayon Mərkəzi Kitabxanasında isə “Murad” Əlillər İctimai Birliyinin fiziki məhdudiyyətli üzvlərinin rəsm və dekorativ-tətbiqi sənət əsərlərindən ibarət sərgi təşkil edilib.

***

Ağdam rayon Mədəniyyət Mərkəzinin (Quzanlı qəsəbəsi) tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evində kənd kitabxanası, Rzalar kənd klubu və kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dövlətimizin sağlamlıq imkanı məhdud insanlara, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlər zamanı sağlamlıqlarını itirən qazilərimizə göstərdiyi diqqət və qayğıdan danışılıb.

***

Astara Dövlət Rəsm Qalereyasında gənc rəssam Humayə Əzimovanın fərdi rəsm sərgisi təşkil edilib. Sərgi onun sənətə sevgisini nümayiş etdirməklə yanaşı, əlilliyi olan şəxslərin potensialını və bacarıqlarını cəmiyyətə göstərmək məqsədi daşıyıb. Rəssamın müxtəlif mövzulara həsr olunmuş əsərləri maraqla qarşılanıb.

***

Salyan rayon Heydər Əliyev Mərkəzi, “Murad” Əlillər İctimai Birliyi və  rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunan “Sevgi varsa, əngəl yoxdur...” adlı sərgi keçirilib. Fiziki məhdudiyyətli şəxslərin 100-dən çox əl işi – dekorativ-tətbiqi sənət nümunələri, toxuma, tikmə və rəsm əsərləri nümayiş olunub.

Rayon İcra Hakimiyyətinin rəsmisi Məhərrəm Məmmədov, “Murad” İB-nin sədri Rəsmiyyə Səmədova, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova və digərləri çıxış edərək fiziki məhdudiyyətli insanlara dövlət qayğısından danışıblar. Sərgidə fiziki məhdudiyyətli insanlara dəstək məqsədilə əl işlərinin satışı da təşkil olunub.

Mədəniyyət Mərkəzinin solistləri tərəfindən konsert proqramı təqdim edilib. Sonda İB-nin üzvlərinə, digər fiziki məhdudiyyətli şəxslərə sərgilərdə fəal iştirak etdiklərinə görə fəxri fərman və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.4.