“Nəğmə də
bir silahdır” kitabının təqdimatı
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru, Əməkdar mədəniyyət işçisi Səadət
Təhmirazqızının Qarabağ müharibəsinin şəhid
və qazi musiqiçilərdən bəhs edən “Nəğmə
də bir silahdır” kitabı çap olunub.
Beynəlxalq Muğam Mərkəzində yeni nəşrin
təqdimatı keçirilib.
Təqdimat mərasimində Əməkdar incəsənət
xadimi, professor Gülnaz Abdullazadə, Azərbaycan Milli
Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Əməkdar
incəsənət xadimi, professor Nazim Kazımov, Beynəlxalq
Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib
Paşazadə və başqaları çıxış edərək
kitabın məziyyətlərindən danışıblar.
Bildirilib ki, musiqi, nəğmə insanın mənəvi
silahıdır. Bu mənəvi silah hərbçilərimizin
mübarizə ruhunu daha da artırıb. Vətən
torpaqlarının müdafiəsi zamanı onların əlində
həqiqi silah, ürəklərində isə mənəvi
silah – musiqi olub.
Vurğulanıb ki, Səadət Təhmirazqızının
ərsəyə gətirdiyi “Nəğmə də bir
silahdır” kitabında bu mövzu daha geniş şəkildə
şərh olunub. Şəhid və qazi musiqiçilərin həyat
və yaradıcılıq yolu ilə yanaşı, kitabda “Musiqidə
hərbi vətənpərvərlik”, “Musiqidə şəhidlərin
tərənnümü” və “Qələbəmizin musiqi
müjdəsi” bölmələri də var. Bölmələrdə
bəstəkarlarımızın hərbi vətənpərvərlik
mövzusunda qələmə aldıqları və şəhidlərə
həsr olunan əsərlərindən, 44 günlük Vətən
müharibəsinin Qələbə müjdəsinə həsr
olunan musiqi nümunələrindən söhbət
açılır.
Çıxışlardan sonra bəstəkar Azad
Zahidin “Qələbəyə gedən yol”, qazi bəstəkar
Vüqar Məmmədzadənin “Dəmir yumruq” əsərləri
səsləndirilib.
Eyni zamanda Əməkdar artist Cabir Abdullayev, müğənni
Sahib İbrahimov, beynəlxalq müsabiqələr
laureatları Atəş Qarayev, İdris Hüseynov və gənc
ifaçı Əvəzxan Əzizov öz
çıxışları ilə tədbirə xüsusi rəng
qatıblar.
Xalq artisti Gülyaz Məmmədova musiqisi və
sözləri Səadət Təhmirazqızına aid olan
“General Polad” mahnısını səsləndirib.
Sonda müəllif şəhid ailələri və
qazilərə yeni kitabını hədiyyə edib.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.6.