Azərbaycan klassiklərinin Türkiyədə nəşr edilmiş kitablarının təqdimatı

 

Orta əsrlər anadilli poeziyamızın ilk nümayəndələrindən şair İzzəddin Həsənoğlunun “Kitab-ı Siretün-nebi” və böyük satirik şair, maarifçi Mirzə Ələkbər Sabirin “Hophopnamə” kitabları Türkiyədə nəşr olunub.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında həmin nəşrlərin təqdimatı keçirilib. Akademiyadan bildirilib ki, kitabları Bakı Avrasiya Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Seyfəddin Altaylı çapa hazırlayıb.

Təqdimat mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli kitabların tarixi və elmi əhəmiyyətindən danışıb. Qeyd olunub ki, M.Ə.Sabirin kitabı Türkiyədə 1950-ci illərdə çap edilib. Seyfəddin Altaylının “Hophopnamə”ni yenidən nəşr etdirməsi “Molla Nəsrəddin” ədəbi məktəbinə böyük hörmətdir.

Avrasiya Yazarlar Birliyinin rəhbəri Ufuk Tuzman çıxışında “Hophopnamə”nin mahiyyətini yüksək qiymətləndirib. O, Azərbaycana səfəri zamanı Sabirin yurdu Şamaxıda olduğunu da diqqətə çatdırıb.

Ufuk Tuzman bildirib ki, Avrasiya Yazarlar Birliyinin 540 kitabı çap olunub, onun da əllisi Azərbaycan ədəbiyyatına aiddir. Özünün rəhbərlik etdiyi müddətdə isə 40 kitab işıq üzü görüb. O, Avrasiya Yazarlar Birliyinin türk toplumları arasında apardığı maarifləndirmə işləri haqqında da məlumat verib.

Tədbirdə çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, Ədəbiyyat İnstitutunun Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin baş elmi işçisi professor Qəzənfər Paşayev, elmi katib dosent Aygün Bağırlı nəşrlər haqqında söz açıblar.

Seyfəddin Altaylı kitabların nəşrə hazırlanma prosesi barədə danışıb, təqdimata görə təşəkkürünü bildirib.

 

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.7.