“Ulduz”un Füzulinin 530 illiyinə töhfəsi

 

 

“Ulduz” jurnalının dahi şair, mütəfəkkir Məhəmməd Füzulinin (1494-1556) 530 illiyinə həsr olunmuş noyabr-dekabr aylarını əhatə edən xüsusi nömrəsi çapdan çıxıb.

Jurnal Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə açılır.

Sonra Ümummilli lider Heydər Əliyevin Məhəmməd Füzulinin 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə söylədiyi nitqin mətni verilib.

Xüsusi buraxılışda “Heydər Əliyevin Füzuli sevgisi”, Firidun bəy Köçərlinin “Molla Məhəmməd Bağdadi “Füzuli” təxəllüsü”, Mirzə Cəlilin “Füzuli”, Abdulla Şaiqin “Füzuli haqqında düşüncələrim”, Bəkir Çobanzadənin “Füzuli və onun yeri”, “Cəfər Cabbarlının “Füzuli haqqında”, Əkrəm Cəfərin “Füzulinin yubileyi qarşısında qəlbim”, Məsud Əlioğlunun “Füzuli və müasir ədəbiyyatşünaslığımız” başlıqlı yazıları yer alıb. Bu nömrədə Əliağa Vahidin “Füzulidən təxmis”, Bəxtiyar Vahabzadənin “Onun pərişanlığı” və “Qəlb şairi” sərlövhəli yazılarını oxuya bilərsiniz. Əli Kərimin “Füzuli”, Zəlimxan Yaqubun “Görüş – ayrılıq”, Məmməd Cəfərin “Füzuli sevir”, Rəsul Rzanın “Uzaq ellərin yaxın töhfələri”, Samət Əlizadənin “Füzuli sözünün sehri”, Yaşar Qarayevin “Türk-İslam intibahının zirvəsi Füzuli”, Nihad Sami Banarlının “Füzulinin duası” adlı yazılarında dahi şairin yaradıcılığından söz açılır.

Xüsusi buraxılışda Füzulinin söz gülşənindən seçmə qəzəllər də təqdim olunur.

“Dərgidə sərgi” guşəsində isə Əfşan Rafaelqızının əsərləri yer alıb.

“Ulduz” jurnalının AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin və “Təhsil” nəşriyyatının birgə layihəsi olan xüsusi nömrəsinin redaktoru filologiya elmləri doktoru Pərvanə Bəkirqızıdır.

 

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.7.