Ssenari – yaxşıdan əlaya...
Azərbaycan Kinematoqrafçılar
İttifaqının maliyyə dəstəyi ilə tərcümə
edilmiş növbəti kitab işıq üzü
görüb.
İttifaqdan bildirilib ki, amerikalı
yazıçı, ssenarist Linda Segerin “Yaxşı ssenarini əla
ssenariyə necə çevirməli” (“How to make a good script
great”) kitabını Azərbaycan dilinə
yazıçı-dramaturq, Əməkdar incəsənət
xadimi Əli Əmirli tərcümə edib.
Kitabda ssenarinin necə yazılması və maraqlı
hekayənin necə qurulmasından bəhs edilir. Linda Seger
yazıçılara, kinodramaturqlara, rejissorlara və
prodüserlərə yaxşı ssenarini əla ssenariyə
çevirməyin yollarını izah edir. Ssenarinin doğru
formada redaktə olunması da ssenarist üçün sehrli
bir gücdür. Məhz bu, pis ssenarini yaxşıya,
yaxşı ssenarini isə əlaya çevirə bilər.
Əli Əmirli kitaba yazdığı ön sözdə
diqqətə çatdırır ki, amerikalı müəllif
tərəfindən kitabda kinossenarinin bütün komponentlərinə
göstərilən tələblər
araşdırılıb. Əlavə olaraq onu da bildirir ki, əslində,
kitab sadəcə, redaktorlara deyil, həm də daha çox
kinodramaturqlara və kinorejissorlara ünvanlanıb.
Kitabın nəşrinə məsul AKİ-nin
icraçı katibi rejissor Əli İsa Cabbarovdur. Kitab Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələrinə, kinematoqrafiya sahəsində
təhsil alan və çalışan gənclərə
paylanılacaq.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.5.