İki oğrunun oyunu

 

Dərbənd teatrının Bakıya yubiley qastrolu

 

Dərbənd şəhərindəki (Dağıstan Respublikası, RF) Azərbaycan teatrının 120 illik yubileyi münasibətilə truppa Bakıya qastrola gəlib. Qastrol tamaşası olan “Oğru” dekabrın 3-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində oynanıldı.

Tamaşadan əvvəl Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Xalq artisti Hacı İsmayılov çıxış edərək zəngin sənət yolu olan Dərbənd Azərbaycan teatrının yubileyinin ümumilikdə milli teatr tariximiz üçün əlamətdar hadisə olduğunu vurğuladı. Bildirdi ki, Azərbaycanın mədəniyyət salnaməsində məxsusi yeri olan bu teatrla əlaqələr ATXİ-nin fəaliyyətində prioritet vəzifələrindən biridir.

Sonda teatrın direktoru Firdovsi Əsgərov və baş rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev səmərəli fəaliyyətlərinə görə ATXİ fəxri fərmanları ilə təltif edildilər.

Qısa tarixçə

Dərbənd şəhərində Azərbaycan teatrının əsası XIX əsrin sonu – XX əsrin əvvəllərində həvəskar dərnək kimi fəaliyyətə qoyulub. Teatr 1904-cü ildə peşəkar fəaliyyətə başlayıb, 1934-cü ildə dövlət teatrı statusu alıb.1944-cü ildən 1994-cü ilədək teatrın fəaliyyətində böyük bir fasilə yaranıb. Hazırda Rusiya Federasiyası Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin tabe müəssisəsi kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrının repertuarına Mirzə Fətəli Axundzadə, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyli, Cəfər Cabbarlın Səməd Vurğun və digər Azərbaycan ədiblərinin əsərləri də daxil olmaqla zəngin repertuarı, özünün tamaşaçı auditoriyası formalaşıb.

Azərbaycan dövləti də teatrın fəaliyyətini diqqətdə saxlayır. Teatrın yerləşdiyi binada şəraitin qənaətbəxş olmadığı, təchizatın müasir tələblərə cavab vermədiyi nəzərə alınaraq müəyyən tədbirlər də görülür. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı (2015) ilə Dərbənd şəhərindəki Azərbaycan Dövlət Dram Teatrının binasının yenidən qurulması və təchizatı məqsədilə vəsait ayrılıb. Teatrın kollektivi 2025-ci ildən yeni binada fəaliyyət göstərəcək.

Xilaskar “Oğru”

Dərbənd truppasının Bakıya gətirdiyi “Oğru” tamaşası teatrın yeni işlərindəndir. Tamaşa serb komedioqrafı, rejissor, ssenarist Miroslav Mitroviçin (1920–2006) “Gecəyarısı baş vermiş qarət” vodevili (1958) əsasında klassik komediya tərzində qurulub. Quruluşçu rejissor Sərvər Əliyev müəllifin təsvir və təhkiyəsindən kənara çıxmayıb. Yeri gəlmişkən, bu əsərə keçmiş SSRİ məkanında teatr və kino rejissorları tərəfindən dəfələrlə müraciət olunub.

Süjetə görə, hadisələrin cərəyan etdiyi günün ertəsi ticarət obyektinə (orijinal mətndə univermaq) təftiş komissiyası gəlib yoxlama aparmalıdır. Direktorun isə həyat yoldaşından savayı iki sevgilisi (sevgililərdən biri univermağın kassiridir) olduğu üçün çalışdığı ticarət müəssisəsini elə çapıb-talayıb ki, böyük borcu əmələ gəlib. Odur ki, borcu ört-basdır etməkdən ötrü səhərə qədər iş yerində qalıb sənədləri qaydasına salmağa çalışır. Gecəyarı ticarət müəssisəsini qarət etməyə gələn oğru direktoru çox sevindirir – böyük həvəslə seyfdəki məbləği də ona verir, üstəlik, bir neçə bahalı əşyanı da.

Süjetin sonrakı səhnələri klassik komediya qaydasında davam edir – ticarət mərkəzinə əvvəl direktor Musanın (Mirzəağa Cum-Cum) kassir olmayan sevgilisi Nazı (Aygün Nəcəfova) gəlib çıxır. Gənc sevgili gələndə Musa oğrunu (Osman Mirhabov) xəlvət yerdə gizlədir. Bu arada Musanın həyat yoldaşı (Şükufə Məlikova, Dağıstanın Əməkdar artisti) da ərini evdə gözləməkdən yorulub, gözünə yuxu getmir və gecənin bir aləmində durub onun iş yerinə gəlir.

Arvadının qorxusundan Musa təbii ki, sevgilisini də gizlədir, özü də oğrunu gizlətdiyi yerdə və onların bir xata çıxaracaqlarından çox nigaran qalır. Sonda onun nigarançılığı özünü doğruldur – Nazı oğrunun sevgilisinə çevrilir, amma onun soyğunçu olmasından bixəbərdir. Gizləndiyi yerdə öskürərkən oğrunun qənşərə çıxması qaçılmaz olduğu üçün Musa onu xanımına ticarət mərkəzinin baş direktoru kimi təqdim edir və Nazı da buna inanır. Əlbəttə, sonda hər şey aşkar olur, Musa qarətçidən xahiş edir ki, onun bir milyona yaxın borcunun izini itirmək üçün ticarət mərkəzini bu məbləğdə qarət etdiyini desin.

Süjetin davamını nəql etməyərək və qeyri-leqal oğrunun leqal oğrunu xilas edib-etmədiyini açıqlamayaraq, ya əsəri oxumağı, ya da tamaşaya baxmağı tövsiyə edirik.

Tamaşa ümumi təəssürat baxımından vodevilin tələblərinə tam cavab verir. Əvvəldən sonadək səhnədə qəribə bir atmosfer hökm sürür – dekorasiya, əlbisələr, danışıqda istifadə edilən kəlmələr, davranış tərzi müasir dövrə uyğun olsa da, əsərin yazıldığı dövrün ab-havası da səhnəni tərk etmir. Xüsusən də, Musa rolunun ifaçısının oyun texnikasında ara-sıra 1950–60-cı illər sovet komediya filmlərinin qəhrəmanlarının tərzi aşkar sezilir və bu kifayət qədər maraqla qarşılanır.

Bu yerdə onu da qeyd edək ki, tamaşanın rəssamı Dəmir İsaakov (Dağıstanın Əməkdar rəssamı), musiqi tərtibatçısı Sevda Bəybalayevadır (Dağıstanın Əməkdar artisti).

Tamaşanın aktyor heyəti personajlarına yeni səhnə həyatı vermək vəzifəsinin öhdəsindən bacarıqla gəldilər. Lakin nədənsə sanki içlərində olan və aktyorluq sənəti üçün zəruri sayılan sərbəstliyi tamaşa boyunca bir qədər cilovlayırdılar. Buna baxmayaraq, rejissor Sərvər Əliyevin əsərə yanaşmasının, aktyorlarla işləmək bacarığının nəticəsi olaraq tamaşaçılar zalı minnətdarlıq alqışları və xoş ovqatla tərk etdilər...

 

Samirə Behbudqızı

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.5.