Hüseyn Razi şəxsiyyətinə
və yaradıcılığına ehtiramın ifadəsi
Hüseyn Razi şəxsiyyətinə və
yaradıcılığına ehtiramın ifadəsiBu il XX əsr
Naxçıvan ədəbi-mədəni və mətbuat
mühitinin tanınmış nümayəndələrindən
biri, şair dramaturq, publisist, Əməkdar incəsənət
xadimi Hüseyn Razinin (Hüseyn Məmməd oğlu Rzayev;
1924-1998) anadan olmasının 100 illiyidir.
Hüseyn Razi uzun və zəngin bir
yaradıcılıq yolu keçib. O, ədəbi fəaliyyətə
1941-ci ildə “Şərq qapısı” qəzetində dərc
olunan “Partizanın andı” şeiri ilə başlayıb. Daha
sonra dövri mətbuatda müntəzəm
çıxış edib, poetik yaradıcılıqla
yanaşı, bədii tərcümə ilə də məşğul
olub. M.İsakovski, L.Martınov, S.Mixalkov, S.Şipaçev,
O.Şestinski, R.Həmzətov, R.Babacan və A.Bartonun şeirlərini
dilimizə tərcümə edib. Şeirləri türk, tatar,
fars, fransız və rus dillərinə tərcümə
olunub.
Dramaturgiya sahəsində də özünü
sınayan ədibin “Odlu diyar” (1963), “Günəş” (1968),
“Arxalı dağlar” (1971), “Haray səsi” (1978), “Şirinliyin
acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulub.
“Buludlar arasında”, “Həyəcanlı gecə” nəsr əsərlərinin,
yüzlərlə publisistik məqalə və oçerkin,
teatr resenziyalarının, “İrəvanda Azərbaycan ədəbi
mühiti” adlı irihəcmli tədqiqat işinin müəllifidir.
1958-ci ildən Azərbaycan Yazıçılar
Birliyinin, 1959-cu ildən isə Jurnalistlər Birliyinin
üzvü olan şair 1984-cü ildə Naxçıvanın,
1985-ci ildə isə Azərbaycan SSR-in “Əməkdar incəsənət
xadimi” fəxri adlarına layiq görülüb.
Hüseyn Razinin saf, ülvi sevgiyə, dərin və təmənnasız
məhəbbətə həsr olunmuş bir çox şeirlərinə
İbrahim Topçubaşov, Cahangir Cahangirov, Ramiz Mirişli, Məmməd
Ələkbərov və digər bəstəkarlar tərəfindən
musiqi bəstələnib. Bu nəğmələr Rəşid
Behbudov, Zeynəb Xanlarova, Flora Kərimova kimi görkəmli
müğənnilər tərəfindən ifa olunub:
Dönmərəm eşq adlı bir günahımdan,
Qara gözün kimi qibləgahımdan.
Saçına dən düşsə, mənim
ahımdan,
Dünyanın saçını yolaram, gülüm.
Şimşəyə çevrilib başımda
çaxsan,
Bilsəm ki, qan daman odlu bıçaqsan,
Qəfil ölüm olub qarşıma çıxsan,
Mən səni köksümə alaram, gülüm.
Əriyən ruhuma süzül su kimi,
Bir dağ çeşməsinin sal buzu kimi.
Raziyəm, istəsən bir quzu kimi,
Hər saat qurbanın olaram, gülüm.
“Azərbaycan vətəndaşlıq lirikası
yaratmaq yollarında qətiyyətli addımlar atmış”
(akademik İsa Həbibbəyli) Hüseyn Razinin ədəbi-elmi
irsi olduqca zəngin və çoxşaxəlidir. O, bədii ədəbiyyatın
bir sıra sahələrində qələmini sınasa da,
yaradıcılığının ana xəttini poeziya, lirik və
dramatik ədəbi növlərdə vətən, doğma
el-oba, xalq sevgisi ilə, böyük cəsarətlə,
aydın və konkret dillə yazılmış nümunələr
təşkil edir. Qarabağ problemi, azadlığa
çağırış, şəhidlik, 20 Yanvar,
düşmənə nifrət, qisas almağa səsləyiş
kimi ictimai əhəmiyyətli mövzular ən böyük həsrəti,
arzusu, xəyalı, ümidi azadlıq olan şairin “Yuxularda”,
“Qarabağdadır”, “Kül olmaz”, “Şübhələr
çoxalır”, “Əsrimiz”, “Bütün ömrüm”, “Qisas
qalmır qiyamətə”, “Yetim olmaq istəyirəm”, “Şəhid
qəbirləri” şeirlərində ön plandadır.
Xalqının imperiya əsarəti və
ayrı-seçkiliyinə məruz qaldığı
ağır günlərində və Qarabağ məsələsi
ilə bağlı etirazlar yarandığı vaxtlarda
Naxçıvanda keçirilən mitinqlərdə
çıxış edən ziyalılardan biri də
Hüseyn Razi idi. Qələmə aldığı şeirləri,
poemaları, nəsr, dramaturgiya, ədəbi tənqid və
publisistika nümunələri ilə ədəbiyyatımızı
zənginləşdirən Hüseyn Razi əsərlərində
xeyirxahlığı, əməyi, humanizmi, bir sözlə, nəcib
insani duyğuları yüksək sənətkarlıqla tərənnüm
edib. O, bir çox şair və yazıçının
üzə çıxarılması, istiqamətləndirilməsi
və ədəbi mühitdə parlamasında da mühüm
rol oynayıb. 1947-ci ildən “Şərq qapısı” qəzeti
ilə əməkdaşlığa başlayan şair
1962–1989-cu illərdə Ədəbiyyat və incəsənət
şöbəsinə rəhbərlik edib.
Yüksək məziyyətləri ilə seçilən
belə bir ədəbi irsin Azərbaycanın müstəqillik
qazandığı bir dövrdə və Azərbaycançılıq
ideologiyası əsasında araşdırılması
şairin Azərbaycan ədəbiyyatında tutduğu
mövqeyi daha dəqiq müəyyənləşdirmək
baxımından əhəmiyyətlidir. Bu ehtiyacı hələ
illər öncə Əməkdar elm xadimi, professor Hüseyn Həşimli
vurğulamışdı: “Hüseyn Razinin zəngin, orijinal və
qiymətli ədəbi irsinin daha əhatəli və ciddi tədqiqinə
ehtiyac bu gün daha aşkar duyulur”.
“Mərdlik və cəsarət tərənnümçüsü”
(Xəlil Rza Ulutürk) Hüseyn Razinin ədəbi-elmi irsinin
tədqiqi və təbliği məqsədi daşıyan
növbəti bir addım AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən
nəşrə hazırlanan “Hüseyn Razi: taleyi və sənəti”
kitabı şairin anadan olmasının 100 illiyi münasibətilə
işıq üzü görüb. Kitabın tərtibçisi
AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru
filologiya elmləri doktoru Fərman Xəlilov, elmi redaktoru və
ön sözün müəllifi AMEA-nın müxbir
üzvü, professor Əbülfəz Quliyevdir.
Dörd bölmədən ibarət kitabın ilk
bölməsi “Hüseyn Razi müasirlərinin gözü ilə”
adlanır. Burada Xalq yazıçısı Mirzə
İbrahimov, Xalq şairləri Xəlil Rza Ulutürk, Məmməd
Araz, Məmməd Rahim, akademik İsa Həbibbəyli və
başqa tanınmış elmi və ədəbi mühit
nümayəndələrinin şairin yüksək mənəvi
keyfiyyətləri və orijinal yaradıcılığı
barədə fikirləri yer alıb.
“Ədəbi-bədii və elmi irsinə aid
araşdırmalar” adlanan növbəti bölməyə
şairin həyat yolu, ictimai fəaliyyəti, ədəbi-bədii
və elmi-publisistik əsərləri ilə bağlı
yazılan məqalələr daxil edilib. Məqalələrdə
Hüseyn Razi yaradıcılığı, eləcə də
keşməkeşli həyat yolu müxtəlif aspektlərdən
araşdırılıb. Burada şairin bədii-elmi irsi, bu
irsin tədqiqi tarixi, yaradıcılığının
üslubi-semantik, dil-üslub və sənətkarlıq
xüsusiyyətləri, lirikası, poemaları,
publisistikası ilə bağlı araşdırmaların nəticələri
əksini tapıb.
Akademik İsa Həbibbəyli “Vətəndaşlıq
poeziyasının tərcümanı” məqaləsində
Hüseyn Razinin əsərlərində vətən məhəbbəti
mövzusunun daha üstün və qabarıq şəkildə
verildiyini qeyd edir və onu haqlı olaraq “Şərq
qapısı” şeir məktəbinin yaradıcısı
hesab edir.
Şairin oğlu, jurnalist Əli Rzayevin xatirələrində
onun uşaqlıq və gənclik illərində
yaşadığı maddi çətinlikləri, qeyri-adi
yaddaşa sahib olmasını, klassiklərin əsərlərindən
saatlarla əzbər şeirlər deməyini, şair olmaqla
yanaşı zəngin ədəbiyyatımızı
ünsiyyətdə olduğu insanlara sevdirməyi bacaran bir
ziyalı olduğunu, SSRİ Xalq artisti Rəşid Behbudov və
Xalq şairi Xəlil Rza Ulutürklə yaxından dostluq və
yaradıcılıq əlaqələrini, namizədlik (fəlsəfə
doktorluğu) dissertasiyası ilə bağlı İrəvanda
apardığı araşdırmaların əhatəliliyini,
şeirlərindəki imperiya əleyhinə səslənən
açıq fikirlərə görə təqiblərə məruz
qalmasını (məsələn, 1965-ci ildə yazılmış
“Yetim olmaq istəyirəm” şeiri və s.) və digər mətləbləri
öyrənirik.
Hüseyn Razinin bəxtəvər yaradıcı
insanlardandır. Çünki həm oğlanları, həm də
kürəkəni AMEA Naxçıvan Bölməsi
Əlyazmalar Fondunun direktoru filologiya elmləri doktoru Fərman
Xəlilov onun ədəbi-elmi irsini, şəxsi arxivindəki
materialları layiqincə tədqiq və təbliğ edirlər.
Bura həm də “babam bəşəri düşüncə
sahibi idi” – fikrində haqlı olan nəvəsi
hüquqşünas Yunis Xəlilovun vikipediyadakı, internet
saytları və sosial şəbəkələrdəki
paylaşımlarını da əlavə etməyi zəruri
hesab edirəm. Şairin 304 səhifəlik çap olunmuş əsərlərinin
məlumatlarını əhatə edən biblioqrafiyası Fərman
Xəlilov tərəfindən 2015-ci ildə tərtib edilib.
Alim “Naxçıvanın elmi, ədəbi və mədəni
mühiti: tədqiqlər” kitabında və bir sıra mətbuat
orqanlarında bu istiqamətdə orijinal tədqiqatları ilə
də çıxış edib. F.Xəlilov “Hüseyn Razinin
elmi irsi” adlı məqaləsində onun SSRİ və
dünya yazıçıları, N.Gəncəvi,
M.Füzuli, İ.Nəsimi, M.P.Vaqif, M.F.Axundzadə, C.Məmmədquluzadə
və s. haqqında ədəbi-tənqidi, elmi-publisistik məqalələri,
icmalları, rəy və resenziyaları, o cümlədən
professor Abbas Zamanovun rəhbərliyi ilə yazdığı
namizədlik dissertasiyası haqqında ətraflı məlumat
verilib.
“Naxçıvanda ədəbi qüvvələrin
formalaşmasında Hüseyn Razinin rolu və təsiri” məqaləsində
dosent Elxan Məmmədov onun bədii ədəbiyyat, əsl
şeir haqqındakı fikirlərini diqqət mərkəzinə
çəkir. Gənc qələm sahiblərinə
düzgün istiqamət və yol göstərən məqalələri
– “Gəlin, açıq danışaq”, “Yaradıcılıq
zəhmət tələb edir”, “Şeir həvəskarları”,
“Fikir aydınlığı, bədii vüsət
lazımdır” və s. ondan bir ədəbiyyat nəzəriyyəçisi
kimi bəhs etməyə haqq qazandırır.
Dosentlər Nurlana Əliyeva, Ramiz Qasımov və bu sətirlərin
müəllifi şairin zəngin
yaradıcılığını ədəbiyyatşünaslıq,
Əli Qəhrəmanov, Ələkbər Qasımov sənətşünaslıq,
Zülfiyyə İsmayıl, Nuray Əliyeva isə
dilçilik baxımından araşdıraraq son dərəcə
mühüm əhəmiyyət kəsb edən elmi nəticələr
irəli sürmüşlər.
Əsərin üçüncü bölməsinə
müasirlərinin Hüseyn Raziyə ünvanladıqları bəzi
məktublar verilib. “Fotolarda qalan anlar” adlanan sonuncu bölmədə
şairin həyatının müxtəlif dövrlərini əks
etdirən, dövrünün tanınmış ictimai və ədəbiyyat
xadimləri ilə çəkdirdiyi fotoşəkillər
oxuculara təqdim olunur. II fəsil istisna olmaqla kitabda toplanan
bütün materiallar şairin qızı Firuzə Rzayeva tərəfindən
mühafizə olunan arxivinə məxsusdur.
Aygün Orucova
filologiya üzrə fəlsəfə doktoru, dosent
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.6.