Vəcihə Səmədova
yaradıcılığında Üzeyir Hacıbəyli
obrazı
Azərbaycan təsviri sənətində böyük
iz qoymuş rəssamlar arasında bu il 100 illik yubileyi olan Vəcihə
Səmədovanın (1924–1965) xüsusi yeri var. O, Qısa həyatına
zəngin yaradıcılıq irsi
sığdırmış rəssam
idi.
Rəssam yaradıcılığında dahi bəstəkar
Üzeyir Hacıbəyli obrazına, onun həyatına da diqqət
ayırıb. “Üzeyir Hacıbəyov tələbələri
arasında” adlı tablo Vəcihə Səmədovanın
diplom işi idi. Moskvada kurs rəhbəri (V.İ.Surikov
adına Moskva Dövlət Rəssamlıq İnstitutu) Pavel
Korinin rəhbərliyi altında çəkilmiş əsər
əla qiymətlərlə müdafiə edilmişdi. Rəsmin
adı “Azərbaycan bəstəkarları” olsa da, çox vaxt
“Üzeyir Hacıbəyov tələbələri arasında”
və ya “Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarları
arasında” adlandırılır.
Əsər yağlı boya ilə kətan üzərində
çəkilib. Tabloda Üzeyir bəy istedadlı tələbələri
– Fikrət Əmirov, Cahangir Cahangirov, Süleyman Ələsgərov,
Ədilə Hüseynzadə ilə birlikdə digər yetirməsi
Elmira Nəzirovanın pianoda ifasını dinləyərkən
təsvir edilib.
Hazırda bu rəsm əsəri Üzeyir Hacıbəylinin
Ev-Muzeyində nümayiş etdirilir.
Bundan əlavə, rəssamın “Üzeyir Hacıbəyovun
mənzili” adlı əsəri də var. Yağlı boya ilə
çəkilmiş bu əsər Milli İncəsənət
Muzeyindədir.
Rəsmdə dahi bəstəkarın iş
otağı təsvir edilib. Əsərdə ilk olaraq diqqəti
1945-ci ildə bəstəkarın 60 illik yubileyi münasibətilə
Azərbaycan Elmlər Akademiyası tərəfindən ona
(Üzeyir Hacıbəyli həmin il yaradılan akademiyanın
ilk üzvlərindən biri idi – red.) hədiyyə etdiyi
xalça cəlb edir.
Üzeyir bəy təkcə musiqimizin deyil, həm də
incəsənətin müxtəlif sahələrinin ilham mənbəyi
olub. Onun bəstəkar kimi fəaliyyətini əks etdirən
rəsm əsərləri böyük sənətkarın,
musiqidə olduğu kimi, təsviri sənətdə də
öz izini qoyduğunu və mədəniyyət tariximizdə
əvəzsiz rol oynadığını nümayiş etdirir.
Ləman Həsənova
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin əməkdaşı
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.7.