Ustad tarzən və pedaqoqun 70 illik yubiley gecəsi

 

Beynəlxalq Muğam Mərkəzində (BMM) görkəmli tarzən, pedaqoq, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Möhlət Müslümovun 70 illik yubiley tədbiri keçirilib.

Dekabrın 2-də gerçəkləşən gecədə mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, tanınmış tarzən Əkrəm Məmmədli çıxış edərək yubilyarın sənət yolundan, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar.

Bildirilib ki, Möhlət Müslümov ölkəmizdə tar ifaçılığı sənətinin yaşadılmasına töhfələr verməklə yanaşı, Azərbaycanın hüdudlarından kənarda da musiqi mədəniyyətimizi layiqincə təmsil edib. Sənətkarın bir sıra ölkələrdə 20-dən çox musiqi albomu işıq üzü görüb.

Yubilyara təbriklərini çatdıran BMM-in direktoru Əməkdar artist Sahib Paşazadə deyib ki, Möhlət Müslümov tarın ən gözəl ifaçıları sırasında sənəti, ifaçılıq üslubu  və özünəməxsus mizrabları ilə xalqın sevgisini qazanıb. 30 ildən artıq rəhbərlik etdiyi “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblı ilə musiqi sənətinin inkişafına əvəzsiz töhfələr bəxş edib. Azərbaycan Milli Konservatoriyasında Muğam kafedrasının professoru kimi illərdir topladığı təcrübəni tələbələri ilə bölüşərək yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində yorulmadan çalışır.

S.Paşazadə çıxışının sonunda BMM-in təbrik məktubunu tarzənə təqdim edib.

Çıxışlardan sonra tədbir Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının müşayiətində geniş konsert proqramı ilə davam edib.

 

Lalə

Mədəniyyət .- 2024.- 6 dekabr(№91).- S.5.