“Sehrli xalça”
kolleksiyası təqdim olunub
Dekabrın 5-də Azərbaycan Milli Xalça Muzeyində
Avstriyanın “FREYWILLE” zərgərlik brendinin “Sehrli
xalça” adlı yeni kolleksiyasının təqdimatı keçirilib.
Kolleksiya Xalça Muzeyi ilə zərgərlik brendi
arasında imzalanan memoranduma əsasən milli irsimizin beynəlxalq
miqyasında tanıdılması məqsədilə
hazırlanıb.
Əvvəlcə “Sehrli xalça”
kolleksiyasının yaranması haqqında məlumatları
özündə əks etdirən videoçarx nümayiş
olunub.
Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova
milli-mədəni irsimizə xüsusi rəğbət və
sevgidən yaranan “Sehrli xalça” kolleksiyası və Azərbaycan
zərgərlik sənəti haqqında məlumat verib. Qeyd
edib ki, Avstriya brendinin zərgərlik məhsulları üzərində
nəfis şəkildə həkk etdiyi Qarabağın “Vərni”
xovsuz xalça elementi ilə bəzədilmiş “Sehrli
xalça” kolleksiyası qonaqlara təqdim olunur: “Bu layihə
üzərində 6 aya yaxın iş gedib. İnanırıq
ki, bu kolleksiya nəinki Azərbaycanda, bütün dünya
miqyasında layiqincə qiymətləndiriləcək, daha
geniş kütlələr arasında xalça sənətimizin
tanıdılması və bu bəzək elementlərinin
milli-mədəni irsimizin bir hissəsi olduğunu bir daha təsdiq
edəcək”.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov
Milli Xalça Muzeyi ilə “FREYWILLE” brendi arasında əməkdaşlığın
əhəmiyyətli mədəni hadisə olduğunu bildirib.
Brendin rəhbəri Fridrix Ville öz videomüraciətində
Milli Xalça Muzeyində kəşf etdikləri nümunələrin
zərgərlikdə növbəti sənət əsəri
yaratmaq üçün ilham qaynağı olduğunu söyləyib.
Şirkətin Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Nigar Namazova yeni kolleksiyanı sənətkarlığın,
tarix və mədəniyyətin möhtəşəm
harmoniyası kimi dəyərləndirib.
Bədii hissədə Azərbaycan və Avstriyanın
musiqi nümunələri səslənib. Sonda muzeyin Ənənəvi
texnologiya şöbəsində yeni toxunan “Vərni”
xalça fraqmentləri hanadan kəsilib.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.1.