Bakıda İtaliya mətbəxi həftəsi
4–10 dekabr tarixlərində dünyada İtaliya mətbəxi
həftəsi keçirilir. Layihə ölkəmizi də əhatə
edir. Bununla bağlı Bakıda mətbuat konfransı
keçirilib.
İtaliyanın Azərbaycandakı səfiri Luka Di
Canfrançesko mətbəx həftəsinin xüsusi bir vaxta
təsadüf etdiyini deyib. Bildirib ki, tədbir İtaliya mətbəxinin
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil
edilməsi üçün namizədliyinin irəli
sürülməsi ilə üst-üstə düşür.
Bu da İtaliya mətbəxinin dünya üzrə
tanınmasına xidmət edir. Mətbəx həftəsinin təşkil
olunması İtaliya-Azərbaycan əlaqələrinə də
bir töhfədir.
İtaliya Ticarət Agentliyinin direktoru Andrea Makkaniko Azərbaycanın
İtaliyanın bir nömrəli iqtisadi tərəfdaşı
olduğunu diqqətə çatdırıb: “İtaliyadan Azərbaycana
gələn idxalda 10 ayın statistikasına baxanda 10 faiz
artım müşahidə olunur. Son üç il ərzində
isə ümumi artım 15 faizdən çox olub.
Agentliyin direktoru mətbəx həftəsi çərçivəsində
aşpaz Bertonun iştirakı ilə ustad dərsinin
keçiriləcəyini bildirib. O, gələn həftə Azərbaycanın
iş adamları ilə İtaliya sahibkarları arasında
görüşlərin təşkil olunacağını da
qeyd edib.
Aşpaz Berton İtaliyanın mətbəxini Azərbaycanda
təmsil etməsinin onun üçün böyük şərəf
olduğunu vurğulayıb: “Bu günlərdə göstərəcəyim
yemək təqdimatlarında Azərbaycan məhsullarından
istifadə etmək ideyası yarandı. Bildiyimiz kimi, Azərbaycan
keyfiyyətli zəfəran istehsalçısıdır.
Fikrimcə, rizottoya Azərbaycan zəfəranı əlavə
etmək gözəl ideya olar. Həmçinin biz yeni şorba
resepti düşünürük. Reseptin əsasını Azərbaycan
kürüsü təşkil edəcək”.
Mədəniyyət .- 2024.- 6 dekabr(№91).- S.8.