IV Şəki Beynəlxalq
Teatr Festivalı başa çatdı
Xəbər verdiyimiz kimi, 1–5 dekabr tarixlərində
Şəki şəhəri növbəti beynəlxalq
festivala ev sahibliyi etdi. Mədəniyyət
Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və
Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ)
birgə təşkilatçılığı ilə
reallaşan IV Şəki Beynəlxalq Teatr Festivalında
ölkəmizdən üç kollektiv (Akademik Musiqili Teatr,
Şəki və Gəncə teatrları), həmçinin Qazaxıstan, Özbəkistan və
İrandan teatr kollektivləri iştirak edirdi.
Festivalın 4-cü günü Özbəkistan
Respublikası Səmərqənd Vilayəti Musiqili Dram
Teatrı “Eşq vadisi”
tamaşasını təqdim etdi.
Dahi özbək şairi Əlişir Nəvainin
“Quş dili” əsəri əsasında hazırlanan
tamaşanın quruluşçu rejissoru Şuxrat Sanaqulov,
quruluşçu və geyim üzrə rəssamı Kamoliddin
Raxmatov, baletmeysteri Madinaxon Erqaşeva, xormeysteri Aziz Muminov,
dirijoru Uktam Tilavovdur.
Sufi ənənələrinə müraciət edilən
tamaşada insanlara inamın, mənəviyyatın nə qədər
vacib olduğu göstərilir, Allaha sevgi və ona çatmaq
arzusu önə çəkilir. Xoreoqrafiya, musiqi, oyun üzərində
hərəkət dilində ifadə ilə zənginləşdirilmiş
səhnə əsərində rolları Dilmurad Xamrayev, Şoxsanamxon
Oblokulova, Bahraddin Umarov, Çaros Mardanova, Aziza Hotamova və
Bobur Toştemirov ifa edirdilər.
Tamaşa ədəbi materialdan irəli gələrək
bəsirət gözü (ağıl-idrak gözü, təfəkkür
gözü, ibrət gözü) ilə həyata baxış
sərgiləyir və bu məqamlar ayrı-ayrı təqdimat
keçidləri ilə seyrçidə müəyyən təəssürat
yaradır. Sözsüz ki, müasir tamaşaçıya
maraqlı ola biləcək quruluş həlli elementləri ilə.
Mərifət və irfan yolunun əsaslarına söykənməklə
dünya işlərini öyrənməyi bir
çağırışa çevirən nümunədə
bütün hadisə və təfsilatlar məcazi məna
daşıdığından alleqorik xüsusiyyətə
malikdir, əsas qəhrəmanları quşlardır. Baş qəhrəmanlar
Simurq (anqa) və Hüdhüddür (şanapipik). Bunlardan əlavə,
səhnə əsərindəki 4 quş obrazı da
tamaşadakı hadisələrin daim mərkəzində
görünür.
Dünya insanın Allaha sevgisi üzərində
qurulub ideyasını önə çıxaran sufizmə
meyilli tamaşa maraqla qarşılandı.
Nümayişin ardınca çıxış edən
Şəki Şəhər İcra Hakimiyyətinin
başçısı Elxan Usubov özbək teatrı təmsilçilərinə
təşəkkürünü bildirdi. İcra Hakimiyyəti
adından qonaq kollektivə xatirə hədiyyələri təqdim
olundu.
***
Dekabrın 5-də, festivalın son günü sənətsevərlər
Gəncə Milli Dram Teatrının təqdimatında “Toros
canavarı” tamaşasına baxdılar. Tamaşa türk
yazıçısı Əziz Nesinin eyniadlı pyesi əsasında
hazırlanıb.
Məişət mövzulu komediyaya İstanbulun Maltəpə
Bələdiyyə Teatrının baş rejissoru, Avrasiya Teatrlar
Birliyinin baş katibi Kubilay Erdelikara quruluş verib. Rejissoru
Yusif Cəfərov, quruluşçu rəssamı Mustafa
Mustafayevdir.
Rolları Əməkdar artistlər İlham
Hüseynov, Sevda Orucova, Novruz Cəfərov, Ramiz Vəliyev,
aktyorlar Günay Cabbarova, Samir Abbasov, Akif Səfərov, Emil
Salmanov, Elmir Məmmədov və Həsən Cəfərov
ifa edirdilər.
Şərlənərək həbs edilən “Toros
canavarı” ləqəbli qəhrəmanın bəlalı
taleyindən bəhs edən səhnə əsəri maraqla izləndi.
Süjet xətti ev sahibi və kirayənişinin, vətəndaş
və cəmiyyət düzəni çatışmaları
üzərində qurulub, hadisələr məzə və
ironiyanın hakim olduğu bir dillə nəql edilir. Yumora
meyilli şəkili teatrsevərlərin alqışları səhnə
işinin uğurlu və təbii alınmasının
sübutu idi.
***
Tamaşadan sonra IV Şəki Beynəlxalq Teatr Festivalının
bağlanış mərasimi oldu.
Mərasimdə çıxış edən icra
başçısı Elxan Usubov festivalın Şəki
üçün növbəti sənət bayramı
olduğunu dedi. Bildirdi ki, Azərbaycanın qədim mədəniyyət
və incəsənət mərkəzlərindən biri olan
Şəki festivallar şəhəri kimi tanınır. Şəkidə
keçirilən teatr festivalı da şəhərimiz
üçün çox önəmli və məsuliyyətli
tədbirdir.
Qeyd etdi ki, budəfəki festival Şəkidə
peşəkar teatrın yaranmasının 145 illiyinə həsr
olunub. Şəkinin Azərbaycan teatr sənəti tarixində
mühüm yeri var. Şəki Dövlət Dram Teatrı da
145 il əvvəl bu şəhərdə peşəkar
teatrın təməlini qoyan sənət fədailərinin
layiqli xələfi kimi zəngin yaradıcılıq yolu
keçib. İcra başçısı şəkili sənətsevərlərin
böyük rəğbətini qazanan teatrın baş
rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimliyə
və bütün truppaya təşəkkürünü
bildirdi.
Qeyd etdi ki, 2014, 2016, 2018-ci illərdə keçirilən
Şəki Beynəlxalq Teatr Festivalı sonrakı dövrdə
pandemiya səbəbindən təxirə salınsa da,
2024-cü ildə yenidən təşkil edilməsi qərara
alındı və bu gün uğurla öz işini bitirir:
“Dost, qardaş ölkələrdən təşrif buyuran
teatr kollektivlərinin təqdim etdikləri tamaşalar maraqla
qarşılandı, teatrlar, yaradıcı insanlar arasında
yeni əlaqələrin yaranmasına zəmin yaratdı”.
Avrasiya Teatrlar Birliyinin baş katibi Kubilay Erdelikara, Gəncə
Milli Dram Teatrının direktoru Aqil Bəhramlı, Şəki
Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimli
çıxış edərək festival barədə təəssüratlarını
bölüşdülər, bu kimi tədbirlərin sənət
bayramı olduğunu dedilər.
Mədəniyyət Nazirliyi Teatr sektorunun müdiri
Böyükxanım Talıbova beş gün ərzində
maraqlı tamaşaların nümayiş olunduğunu dedi,
bütün iştirakçı kollektivlərə minnətdarlığını
ifadə etdi. O, həmçinin ölkələr arasında mədəni
əlaqələrin inkişafında teatr sənətinin
rolunu qeyd edərək Gəncə teatrının
tamaşasının qardaş Türkiyədən dəvət
olunan rejissor tərəfindən qurulmasını bu əlaqələrin
davamı olduğunu bildirdi. Sektor müdiri festivalın təşkilinə
göstərdiyi dəstəyə görə Şəki
Şəhər İcra Hakimiyyətinə təşəkkür
etdi, festivala uzun ömür arzuladı və belə tədbirlərin
teatr adına böyük uğur olduğunu vurğuladı.
Festivalın son tamaşasını oynamış Gəncə
teatrının direktoru Aqil Bəhramlıya və
tamaşanın quruluş müəllifi Kubilay Erdelikaraya Şəki
Şəhər İcra Hakimiyyəti adından xatirə hədiyyələri
təqdim olundu.
Avrasiya Teatrlar Birliyi adından isə festival
tamaşalarının oynanıldığı Şəki
Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimliyə
xatirə hədiyyəsi təqdim edildi.
Mərasim bədii proqramla başa çatdı.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 6 dekabr(№91).- S.1;2.