Şuşada “Oyun
texnologiyaları üzrə sammit”
Xəbər verdiyimiz kimi, 2–4 dekabr tarixlərində
Şuşa şəhərində 2024-cü il
üçün “İslam Əməkdaşlıq Təşkilatının
gənclər paytaxtı” proqramının bağlanış
tədbirləri keçirilib. Mədəniyyət Nazirliyi, Gənclər
və İdman Nazirliyi və İslam Əməkdaşlıq
Təşkilatı (İƏT) Gənclər Forumunun birgə
təşkilatçılığı ilə reallaşan
beynəlxalq proqrama İƏT-ə üzv və
müşahidəçi ölkələrin 300-ə yaxın
nümayəndəsi, habelə gənclər və
könüllülər qatılıblar.
Bu çərçivədə dekabrın 2-də Mədəniyyət
Nazirliyinin təşkil etdiyi “Yaradıcılıq marafonu”
İslam ölkələrindən olan gənc istedadları bir
araya gətirib.
Dekabrın 4-də isə Mədəniyyət
Nazirliyinin təşkilatçılığı ilə
Şuşada “Oyun texnologiyaları üzrə sammit” (G-HUB)
keçirilib. Tədbirin məqsədi İslam ölkələrində
oyun texnologiyası sahəsində birgə əməkdaşlığı
və inkişafı təşviq etməkdir.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər
və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad
Əzizov tədbirdə çıxış edərək
İƏT-ə üzv ölkələrdə oyun sənayesinin
imkanları barədə danışıb və “G-HUB” təşəbbüsünün
bu istiqamətdə atılan mühüm addım olduğunu
diqqətə çatdırıb.
Sammitdə oyun sənayesinin yerli və xarici mütəxəssislərinin
“G-HUB” platforması, “Epic Games” rəqəmsal alətləri və
“Local Game Jam” mövzusu üzrə təqdimatları dinlənilib.
Sonra tədbir İslam ölkələrində oyun sənayesinin
mövcud vəziyyəti və inkişaf perspektivlərinə
həsr olunan panel müzakirəsi ilə davam edib.
Sammit iştirakçıları arasında
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin
nümayəndələri, dünyada oyun sənayesinin
aparıcı şirkətləri olan “Epic Games”, “Xsolla”, həmçinin
“Gamesummit” və “Turan Masters” kimi yerli şirkətlərin
nümayəndələrinin iştirakı “G-HUB”ın
ekosistem üçün əhəmiyyətini önə
çıxarıb.
Tədbirin sonunda “Turan Masters” şirkətinin fəaliyyəti
haqqında iştirakçılara məlumat verilib.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.2.