Millət naminə yaşayanlar

 

Əbdülkərim bəy Mehmandarovun 170 illiyi qeyd olunub

 

Dekabrın 4-də Beynəlxalq Muğam Mərkəzində görkəmli ziyalı, Azərbaycanın ilk hərbi həkimi, “Difai” təşkilatı Şuşa şöbəsinin yaradıcısı və sədri, Şuşada ilk rus-azərbaycan qız məktəbinin təsisçisi Əbdülkərim bəy Mehmandarovun (1854-1929) anadan olmasının 170 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib.

Qonaqlar əvvəlcə mərkəzin foyesində “Bayatı-Şiraz” muğamının sədaları altında Şuşanın fotolarından ibarət sərgi ilə tanış olublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Millət naminə – Əbdülkərim bəy Mehmandarov” sənədli filmindən fraqmentlər nümayiş etdirilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək Əbdülkərim bəy Mehmandarovun Qarabağdakı ictimai-siyasi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva və başqaları Ə.Mehmandarovun həyatı və həkimlik fəaliyyəti barədə, Mehmandarovlar nəslinin nümayəndəsi Məhbubə Əzizova isə onun vətənə, xalqa sevgisi, xeyirxah əməlləri barədə danışıblar. Şuşa Dövlət Musiqili Dram Teatrının aktyoru Əməkdar artist Nazir Rüstəmovun ifasında Ə.Mehmandarovun obrazı canlandırılıb.

Vurğulanıb ki, Şuşa şəhəri işğaldan azad edildikdən sonra Mehmandarovların Malikanə Kompleksində Heydər Əliyev Fondu tərəfindən bərpa işləri aparılıb və ötən il Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər. Hazırda bu kompleks muzey kimi fəaliyyət göstərir. Bu da Əbdülkərim bəyin xalqımız qarşısındakı xidmətlərinə verilən qiymətdir.

Tədbirin bədii hissəsində şuşalı müğənnilər Vüsal Ağayev, Babək Şuşalı, Orxan Mövlan, Səməd Novruzov, Günay Şuşalının ifasında “Mənim Şuşam”, “Qarabağın maralı”, “Vətənimdir”, “Şuşanın dağları” mahnıları səslənib, Xalq artisti Nurəddin Mehdixanlı öz ürək sözlərini şeirlə ifadə edib.

 

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.3.