UNESCO-dakı süfrəmiz: lavaş və dolmadan sonra təndir çörəyi

 

Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında payımız artır

 

Xəbər verildiyi kimi, 2–7 dekabr tarixlərində Paraqvayın paytaxtı Asunsion şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası keçirilir. Sessiyada ölkəmiz Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Milli Komissiya tərəfindən təmsil olunur.

Komitənin builki sessiyası da Azərbaycan üçün əlamətdar olub. Sessiyada “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı milli nominasiya faylının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına (Representative List of the Intangible Cultural Heritage of Humanity) daxil edilməsi qərara alınıb.

UNESCO-nun Qiymətləndirici Orqanı tərəfindən müvafiq meyarlar üzrə müsbət rəy alan nominasiya faylına dair qərar dekabrın 3-də elan edilib.

Bununla UNESCO siyahılarında Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı elementlərin sayı 24-ə çatıb. Onlardan 22-si Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında, 2-si isə Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısında (List of Intangible Cultural Heritage in Need of Urgent Safeguarding) yer alıb.

Qərarın elan edilməsindən sonra çıxış edən ölkəmizin UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev Azərbaycan Respublikası adından UNESCO Qiymətləndirmə Orqanına və Hökumətlərarası Komitəyə xalqımızın mədəni irs nümunəsini dəstəklədiklərinə görə təşəkkür edib.

Sessiyada çıxış edən Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova da müsbət qərarın qəbuluna görə Qiymətləndirici Orqana və Katibliyə təşəkkür  edib. Nazir müavini qədim ənənələrə söykənən təndir sənətkarlığının Reprezentativ Siyahıya daxil edilməsinin xalqımız üçün əlamətdar olduğunu vurğulayıb. Sürətlə müasirləşən dünyada mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi önəm daşıdığını qeyd edən S.Yusifova bu istiqamətdə Mədəniyyət Nazirliyinin təşəbbüslərindən də danışıb. COP29 çərçivəsində təqdim edilən İqlim üçün Mədəniyyət (C4C) təşəbbüsü haqqında məlumat diqqətə çatdırılıb.

Qeyd edək ki, “Azərbaycanda təndir sənətkarlığı və çörəkbişirmə” adlı nominasiya faylı Mədəniyyət Nazirliyi tərəfindən 2023-cü ildə Xarici İşlər Nazirliyi vasitəsilə UNESCO-ya təqdim edilib.

Bu, Azərbaycanın mətbəx mədəniyyəti ilə bağlı UNESCO siyahısına salınan üçüncü irs nümunəsidir. 2016-cı ildə “Nazik çörəyin hazırlanması və paylaşılması mədəniyyəti – lavaş, katırma, jupka, yufka” çoxmilli nominasiya faylı (Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan, Türkiyə), 2017-ci ildə isə Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” adlı mili nominasiya faylı Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Onu da qeyd edək ki, Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına salınmış “Azərbaycanda təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti” nominasiyasının sertifikatı Hökumətlərarası Komitənin 19-cu sessiyası çərçivəsində xüsusi mərasimdə ölkəmizin nümayəndə heyətinə təqdim edilib.

Bu barədə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından məlumat verilib.

 

***

Xatırladaq ki, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahıları 2008-ci ildən, təşkilatın bununla bağlı müvafiq konvensiyası (2003-cü ildə qəbul olunub) qüvvəyə minəndən sonra tərtib edilməyə başlanıb. Ötən illərdə Hökumətlərarası Komitənin sessiyaları Azərbaycanla bağlı mühüm qərarların qəbulu ilə yadda qalıb.

O cümlədən ötən il dekabrın 6-da Botsvananın Kasane şəhərində keçirilən 18-ci sessiyada Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Onlardan ikisi Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” və “Sədəf sənətkarlığı”, digər ikisi isə “Təzhib sənəti” (Azərbaycan, İran, Tacikistan, Türkiyə, Özbəkistan), “İftar və onunla bağlı sosial-mədəni ənənələr” (Azərbaycan, İran, Türkiyə, Özbəkistan) çoxmillətli fayllar olub.

Bir öncəki ildə (28 noyabr – 3 dekabr 2022-ci il) Mərakeşin paytaxtı Rabatda keçirilən 17-ci sessiyada da ən çox elementi qəbul edilən ölkələr arasında Azərbaycan vardı.

Azərbaycanın pəhləvanlıq sənəti ilə bağlı milli nominasiyası və ölkəmizin iştirakı ilə təqdim olunan daha üç nominasiya (çay mədəniyyəti, Molla Nəsrəddin lətifələri və baramaçılıq-ipəkçilik sənəti) həmin sessiyada qəbul edilmişdi.

Hazırda (5 dekabr tarixinə olan məlumat) UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı siyahılarında 147 ölkənin ümumilikdə 766 irs elementi var.

Azərbaycan 24 qeyri-maddi mədəni irs elementi ilə UNESCO reyestrində Çin Xalq Respublikası (44 element), Türkiyə (30), Fransa (29), İran (26) və İspaniyadan (25) sonra altıncı sıradadır.

 

Vüqar Orxan

Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.1;8.