Mədəniyyət
Nazirliyində görüşlər
TİKA ölkəmizlə daha sıx əməkdaşlıqda
maraqlıdır
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə
olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin
(TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Qonaqları salamlayan nazir Azərbaycan və Türkiyə
dövlət başçılarının dostluq və
qardaşlıq münasibətlərinin iki ölkə
arasında bütün istiqamətlərdə, o cümlədən
mədəniyyət sahəsində əlaqələrin
yüksək səviyyədə inkişafına zəmin
yaratdığını bildirib.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələrində
əməkdaşlığı genişləndirmək
üçün perspektivlər mövcuddur. Tarixi abidələrin
bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar,
o cümlədən kino və audiovizual sənət və digər
sahələrdə iki ölkənin potensialından istifadə
olunaraq əhəmiyyətli nəticələr əldə etmək
mümkündür.
Səmimi qəbula görə təşəkkürünü
bildirən TİKA başqanı Serkan Kayalar rəhbərlik
etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla
mövcud əlaqələri barədə məlumat verib. Deyib
ki, TİKA fəaliyyət sahələri üzrə daha
sıx əməkdaşlıqda maraqlıdır.
Söhbət zamanı qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Görüşdə Türkiyənin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Cahit
Bağcı da iştirak edib.
Yəmənlə mədəni əlaqələrin
qurulması müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də
Yəmən Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Məhəmməd Saleh Əhməd Turiq ilə də
görüşüb.
Diplomatı Azərbaycanda fəaliyyətə
başlaması münasibətilə təbrik edən nazir ona
işlərində uğurlar arzulayıb. Deyib ki, İslam
dünyasının bir hissəsi olan Azərbaycan müsəlman
ölkələri ilə əməkdaşlığa önəm
verir.
Qeyd olunub ki, mədəniyyət xalqlar arasında
körpülər qurmaq üçün əhəmiyyətli
vasitədir. Azərbaycan ilə Yəmən arasında mədəni
əməkdaşlığın qurulması üçün
hüquqi baza yaradılmalıdır. Azərbaycan tərəfi
bu istiqamətdə addım atmağa hazırdır.
Səmimi qəbula görə təşəkkürünü
bildirən səfir Məhəmməd Saleh Əhməd Turiq
ölkəmizdə diplomat kimi fəaliyyətə
başlamasından məmnunluğunu bildirib. O, Azərbaycanda
çalışdığı dövrdə iki ölkə
arasında bir sıra sahələrdə, həmçinin mədəniyyət
sahəsində əlaqələrin yaradılması
üçün səylərini əsirgəməyəcəyini
diqqətə çatdırıb.
Söhbət zamanı yəmənli gənclərin Azərbaycanda
incəsənət üzrə təhsil alması, kitabxana,
muzey, mədəni irsin qorunması və s. sahələrdə
təcrübə qazanması ilə bağlı fikir
mübadiləsi aparılıb.
Mədəniyyət .- 2024.- 6 dekabr(№91).- S.3.