XII əsrin Azərbaycanı
böyük ekranda
“Azərbaycan Atabəyləri” filminin qala gecəsi
Mədəniyyət Nazirliyi, Azərbaycan
Respublikası Kino Agentliyi (ARKA), Azərbaycan Televiziyası,
“Şahdağfilm” və Türkiyənin “İkinciYeniFilm”,
“Patik Prodüksiyon” və “Ernet Grup” prodakşnlarının
birgə iştirakı ilə “Azərbaycan Atabəyləri”
adlı tarixi bədii-sənədli film çəkilib.
Dekabrın 3-də Heydər Əliyev Mərkəzində
filmin qalası keçirilib. Mərasimdə dövlət və
hökumət rəsmiləri, millət vəkilləri,
tanınmış mədəniyyət xadimləri, Türkiyədən
kino təmsilçiləri və digər qonaqlar iştirak
ediblər.
Əvvəlcə mərkəzin foyesində tədbir
iştirakçıları üçün bədii hissə
təqdim olunub. Film haqqında qonaqlara məlumat verilib.
Bildirilib ki, film Orta əsrlərdə yaşamış
Türk dünyasının iki böyük tarixi şəxsiyyəti,
cəsur sərkərdələr – Qara Sunqur və Atabəylər
dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyat
yolundan bəhs edir. Ekran əsəri izləyiciləri XII əsr
mühitinə apararaq Azərbaycanın şanlı tarixinə
işıq salır, həmin dövr milli-mənəvi
irsimizin təbliğatçısı kimi
çıxış edir.
Daha sonra Heydər Əliyev Mərkəzinin
böyük zalında (“Auditorium”) film nümayiş olunub.
Nümayişdən sonra yaradıcı heyət
alqışlarla səhnəyə dəvət edilib.
“Şahdağfilm” prodakşnın direktoru, filmin ssenari
müəllifi və prodüseri İlqar Mehti və
quruluşçu rejissor Məcid Güvən
çıxış edərək ekran işi haqqında
fikirlərini bildiriblər.
Qeyd olunub ki, filmin ssenarisi Azərbaycan Milli Elmlər
Akademiyası Tarix və Etnologiya İnstitutunun əməkdaşları,
müstəqil tarixçilər və hərbi ekspertlərin
bilik və təcrübələri əsasında
yazılıb.
Orta əsrlərin orijinal dil-üslubu, sosial və mədəni
strukturunu əks etdirmək üçün geniş
araşdırmalar əsasında hazırlanan ssenari tarixi mənbələrdən
istifadə edilərək qələmə alınıb. Filmdə
Dəbil döyüşü, 1139-cu il böyük Gəncə
zəlzələsi və dövrün saray çevrilişləri
kimi hadisələr də əks etdirilib.
Diqqətə çatdırılıb ki, filmin
çəkilişləri Azərbaycan və Türkiyədən
olan peşəkar kino işçilərinin birgə əməkdaşlığı
ilə həyata keçirilib. “Şahdağfilm” ilə
Türkiyədə tarixi filmlərin istehsalçısı
kimi tanınan “İkinciYeniFilm” bu böyük layihədə
imkanlarını birləşdirərək yüksək
peşəkarlıq nümayiş etdiriblər. Yaradıcı
və texniki heyətin 80 faizindən çoxu azərbaycanlı
kino mütəxəssisləridir. Çəkilişlərdə
məkan olaraq ölkəmizdə mövcud olan real tarixi qala və
komplekslərdən istifadə edilib. 500-ə yaxın
xüsusi geyim hazırlanıb, yüzlərlə əlbəsə,
rekvizit və aksesuar istehsal edilib və ya satın
alınıb.
Çıxış edənlər filmin ərsəyə
gəlməsində əməyi keçənlərə təşəkkürlərini
bildiriblər.
Qeyd edək ki, filmin quruluşçu rejissoru Məcid
Güvən, ssenari müəllifləri Sərvər Bayramov,
İlqar Mehti, Səxavət Sahil və Ərcan Kayadır.
Prodüserlər İlqar Mehti, Sərvər Bayramov və
Türkiyədən “İkinciYeniFilm”i təmsil edən Furkan Bəsli,
quruluşçu rəssam isə Zəfər Malkoçdur.
Bədii-sənədli filmdə tanınmış K1
döyüşçüsü Zabit Səmədov Şəmsəddin
Eldəniz obrazını canlandırıb. İlqar Mehti isə
Qara Sunqur rolunda çəkilib. Digər əsas rollarda isə
Xalq artisti Mehriban Zəki (Möminə xatın), Əməkdar
artist Bəhruz Vaqifoğlu (Məhəmməd Cahan Pəhləvan),
Jalə Həsənli (Zübeydə xatın), Günay Əhməd
(Laçın), Tural Əhməd (Arslan şah), İlqar
Musayev (Candar Çavlı), Səmimi Fərhad (Vəzir əl-Xəzni),
Samir Qulamov (Gəncər bəy), Salam İsmayılov (Şeyx
İmad), Türkay Cəfərli (Şeyx İmadın köməkçisi),
Rəşad Kəsəmənli (Sərkərdə), Hidayət
Əliyev (Sultan Məsud) və ölkəmizin digər sənətçiləri
yer alıblar.
Filmdə 100-dən çox aktyor epizodları
canlandırıb, ümumilikdə isə heyətdə 500 nəfərdən
çox insan çalışıb.
Dövlət-özəl tərəfdaşlığı
ilə ərsəyə gətirilən film dekabrın 5-dən
kinoteatrlarda nümayiş olunur.
Nurəddin
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.1;2.