Heykəltaraş, rəssam
Əsgər Kərimov vəfat edib
Tanınmış rəssam, heykəltaraş, pedaqoq
Əsgər Kərimov 29 noyabr 2024-cü il tarixində, 83
yaşında Türkiyənin İsparta şəhərində
vəfat edib.
Əsgər Şakir oğlu Kərimov 10 fevral 1941-ci
ildə Şəki şəhərində anadan olub.
1960–1965-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq
Məktəbində, 1969–1975-ci illərdə Tbilisi Rəssamlıq
Akademiyasında təhsil alıb. 1975–1982-ci illərdə Azərbaycan
Pedaqoji İnstitutunda (indiki ADPU), 1982–2000-ci illərdə Azərbaycanın
bir sıra ali təhsil ocaqlarında rəsm, kompozisiya və
heykəltaraşlıq fənlərindən dərs deyib. Azərbaycan
Universitetinin professoru və Dizayn kafedrasının müdiri
olub.
Əsgər Kərimov Tbilisi Rəssamlıq
Akademiyasında təhsil alarkən respublika, ümumittifaq və
xarici sərgilərdə öz əsərlərini
nümayiş etdirib. “Odlar yurdu” əsəri Drezden muzeyinin
(Almaniya) daimi eksponatına çevrilib. Akademiyanı bitirərkən
diplom işi Nizami Gəncəvinin “İskəndərnamə” əsəri
əsasında yaratdığı üç hissədən
ibarət “Odlar diyarı” adlı barelyefi olub. Bu əsər
sonradan Sov.İKP MK-nın Gürcüstanın Risunda şəhərindəki
istirahət evinin – MK-nın baş katibinin qəbul
otağının divarına vurulub.
1979-cu ildə Azərbaycanın Xalq rəssamı Cəlal
Qaryağdı ilə birlikdə Bərdədə II Dünya
müharibəsində həlak olanların xatirəsinə həsr
edilmiş kompleksi ərsəyə gətirib.
Mirzə Fətəli Axundzadənin Şəki şəhərindəki
abidəsi, Aşıq Molla Cümənin, İsmayıl bəy
Qutqaşınlının məzarüstü abidələrinin
və digər əsərlərin müəllifi olan Əsgər
Kərimov 2000-ci ildən Türkiyənin İsparta şəhərində
yaşayıb fəaliyyət göstərirdi. Onun
hazırladığı abidələr ölkəmizin bir
sıra şəhərləri ilə yanaşı, Ukrayna və
Türkiyədə də qoyulub.
Sənətkar İsparta şəhərində həyat
yoldaşının məzarı yanında dəfn olunub.
Allah rəhmət eləsin.
Mədəniyyət .- 2024.- 6 dekabr(¹91).- S.6.